“10 il bundan sonrakı vəziyyəti təsəvvür etsək növbəti sertifikasiya imtahanlardan sonra məktəblərimizdə sertifikasiya balları yüksək olan müəllimlər işləyəcək.
Modern.az-ın məlumatına görə, bunu sertifikasiya ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.
V.Yaqublu qeyd edib ki, bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər:
“Sertifikasiya elə prosesdir ki, maraqlı tərəflərin hər birinin mənafeyini təmin edir. Əsas da şagirdlərin. Şagird istəyir ki, müəllim dərsi tamaşaya çevirə bilsin, onu yormadan fənnin incəliklərini ona izah edə bilsin. İkinci valideynlərdir ki, onlar övladlarının yaxşı təhsil almasını istəyir. Üçüncü tərəf müəllimlərdir ki, sertifikasiya onlara daha yüksək əməkhaqqı almağa kömək edir. Məsələn bir məktəbdə 3 müəllim işləyir, staj və dərs saatları eynidir və eyni maaşı alırlar, ancaq sertifikasiya ilə daha yüksək nəticə göstərən müəllim daha yaxşı maaş alacaq. Bu tək təhsil deyil, bütün sahələrdə çalışanların istəyidir.
Sertifikasiya həm də sağlam rəqabət yaradır. 25 bal toplayan müəllimin də ikinci şans verilir ki, daha yaxşı nəticə göstərsin.
Bu il fizika, kimya, biologiya və informatika müəllimlərini sertifikasiyaya cəlb edirik. Bizdə ikinci səviyyəli dərs anlayışı yoxdur. Bu qrup fənlər şagirdlərimizdə əqli inkişafı və elmi dünya görüşü artıran fənlərdir. Bu fənlərin saatların artımına, dərs metodikasının yenilənməsinə diqqət ayrılıb".