Modern.az

O da sertifikasiyadan maksimum bal topladı

O da sertifikasiyadan maksimum bal topladı

Təhsil

18 İyun 2025, 21:23

Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ilk günündə maksimum nəticə – 60 bal toplayaraq həm peşəkarlığını, həm də əzmkar xarakterini ortaya qoyub.

 

Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” Fəridə Qurbanovanın təəssüratlarını öyrənib.

 

“Müəllim olmaq uşaqlıq arzum idi”, – deyə söhbətə başlayan Fəridə müəllim 2021-ci ildən həmin məktəbdə riyaziyyat fənnini tədris edir. Onun sözlərinə görə, sertifikatlaşdırma mtahanlarına hazırlaşmaq asan olmayıb: "Ailə, məktəb, gündəlik məsuliyyətlər içində imtahana hazırlaşmaq mənim üçün olduqca çətin idi. Bəzən yuxusuz gecələrim olurdu. Amma bilirəm ki, əziyyətsiz uğur olmur. Mən bu imtahanda maksimum bal toplayacağımı əvvəlcədən hiss edirdim və özümə inanırdım”.

 

Fəridə Qurbanova imtahan suallarının, əsasən, normal səviyyədə olduğunu, xüsusilə ixtisas fənni üzrə çətinlik çəkmədiyini qeyd edir. Yalnız kurikulumla bağlı bir sual onu müəyyən qədər çaşdırıb, amma sonda onu da düzgün cavablandırıb. Onun fikrincə, imtahanlarda uğur qazanmağın əsas şərtlərindən biri düzgün strategiya qurmaq və vaxt bölgüsünə ciddi yanaşmaqdır:

 

“Riyaziyyat dəqiqliyi sevir. Vaxtı düzgün bölmək, diqqətli olmaq vacibdir. Mən MİQ imtahanında vaxtı düzgün tənzimləyə bilmədiyimə görə 50 bal toplamışdım. Bu dəfə həmin səhvləri təkrar etmədim. 3-4 ay ərzində yalnız sınaq testləri ilə məşğul oldum və daim vaxt bölgüsünə diqqət etdim”.

 

O, gələcəkdə bu imtahanlara hazırlaşacaq müəllimlərə tövsiyə verir: “Diqqətli olun, vaxtı düzgün bölün və özünüzə inanın. Əgər məqsədiniz varsa və ona doğru inamla gedirsinizsə, heç bir maneə sizi dayandıra bilməz!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!