“Təhsil nazirinin müavini işlədiyim zamanda da pedaqoji fəaliyyətlə məşğul olmuşam. Çünki bu iş gələcəyimiz olan gənclərin birbaşa fəaliyyəti ilə bağlıdır”. Bunu Modern.az saytına Təhsil Nazirinin sabiq müavini İradə Hüseynova YAP-da aldığı yeni vəzifəsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O, Yeni Azərbaycan Partiyasının üzvü kimi bundan məmnun olduğunu gizlətməyib. “İndi isə YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini vəzifəsini icra edirəm. Buna baxmayaraq, uzun illərdir YAP Siyasi Şurasının üzvüyəm. Bu işimdən hər zaman çox böyük qürur hissi duyuram. Təbii, biz də bu partiyanın üzvü olaraq çalışmalıyıq ki, dövlətimizin bu gün keçirdiyi yüksək səviyyəli tədbirlərdə irəli sürülən təklifləri yüksək səviyyədə həyata keçirək və insanlara çatdıraq, bu ideyaların hər zaman daşıyıcısı olaq. Bu komissiyanın da sədr müavini olaraq çalışacam ki, yüksək ideyaları gələcəkdə də həyata keçirə bilim. Ümumiyyətlə, Heydər Əliyevin zəkasının məhsulu və irdəsi olan YAP dövlətimizin aparıcı qüvvəsidir. Düşünürəm ki, hər birimiz dövlətimizin inkişafında öz dəyərli töhvələrimizi verək və dövlətimizin cəfakeşi olaq”.
Keçmiş müavini yeni təhsil naziri Mikayıl Cabbarov haqqında da danışıb. “Hesab edirəm ki gənclərin çox böyük potensialı var. Təqdirəlayiq bir haldır ki, gənc bir şəxs bu gün çox mürəkkəb bir sahə olan təhsil sistemimizin başında durur. Mən Mikayıl Cabbarova uğurlar arzu edirəm və inanıram ki, gələcəkdə də təhsil sistemimiz lazımi məcrada inkişaf edəcək”
Qeyd edək ki, İradə Hüseynova sabiq təhsil naziri Misir Mərdanovun dövründə nazir müavini vəzifəsində çalışıb.Hal-hazırda Qafqaz xalqları kafedrasının müdiri, tarix elmləri namizədi, professor İradə Hüseynova həm də "Əməkdar müəllim" adına layiq görülüb.
Namidə BİNGÖL