2025-ci il ali məktəblərə qəbul imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticəsini göstərən abituriyent Alı İsmayılov olub. O, 697.5 bal toplayaraq bu ixtisas qrupunda ölkə üzrə liderliyə yüksəlib.
Modern.az xəbər verir ki, texniki fənlərə marağı və məqsədyönlü çalışması sayəsində bu uğura imza atan Alı İsmayılov AZƏRTAC-a müsahibəsində hazırlıq və seçim prosesi ilə bağlı təəssüratlarını bölüşüb.
Abituriyent bildirir ki, imtahanlara hazırlıq yoluna 9-cu sinifdə buraxılış imtahanlarının fənləri ilə başlayıb, 10-cu sinifdən isə blok imtahanı fənləri üzrə daha ciddi şəkildə hazırlaşmağa keçib: “Texniki fənləri daha çox sevdiyim üçün bu istiqamət mənə daha maraqlı idi. Amma Azərbaycan dili fənnində bir qədər çətinlik çəkirdim”.
Gələcəkdə informasiya texnologiyaları sahəsində ixtisaslaşmaq istəyən Alı seçimlərini artıq müəyyənləşdirib: “ADA Universiteti və ya Bakı Ali Neft Məktəbində təhsil almağı planlaşdırıram. Magistratura təhsilimi isə xaricdə davam etdirməyi düşünürəm”.
Uğurlu nəticənin arxasında ciddi zəhmət dayandığını deyən Alı abituriyentlərə də öz yolunu tövsiyə edir: “Çox çalışmaq, əzmlə və düzgün strategiya ilə hazırlaşmaq uğurun açarıdır. Sosial şəbəkələrdən uzaq durmağa çalışırdım. Boş vaxtlarımda futbol oynamaqla və kitab oxumaqla dincəlirdim”.
Qeyd edək ki, Alı İsmayılov riyaziyyat və informatika üzrə respublika fənn olimpiadalarında da iştirak edib, final mərhələsinə qədər irəliləyib.
Alı qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyatdan keçsə də, onun bu mərhələdə iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.