
“Milli Şurada strukturlaşma prosesi gedir. Bilirsiniz ki, qurum seçkidən sonra zərbə aldı. İstefalar arzu olunan deyildi. İndi isə qurum yenidən güclənir. Yeni sənəd qəbul olunub. Düzdür, əsasnamə daha əvvəldən var idi, amma tələsik qəbul olunmuşdu. İndi isə yeni əsasnamə hazırlanıb, qəbul edilib”. Bunu
Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. Onun fikrincə, Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı diqqətli olmaq lazımdır: “Milli Şura ideyası irəli sürüləndə üzvlərin sayı 51 nəfər göstərilmişdi. Sonradan format dəyişdirildi. Əlbəttə, Milli Şuraya hər adamın qəbulunun əleyhinəyəm. Hesab edirəm ki, Milli Şura tanınmış ziyalılardan, təsir gücü olan adamlardan ibarət qurum olmalıdır”.
R.Manaflı növbəti seçkilərə qədər yeni koalisiyanın yaradılacağını istisna etmir: “Seçkilərə qədər yeni koalisiyaların yaradılması qaçılmazdır. Artıq bir neçə koalisiyanın yaradılmasının işartıları görünür. Bilirik ki, bəzi koalisiyalara hakimiyyət dəstək verir. İstefaların olmasına baxmayaraq, tanınmış ziyalılar yenə də Milli Şuranı dəstəkləyir. Əgər Milli Şuranı qoruya bilsək, qurum müxalifətin əsas güc mərkəzinə çevriləcək. Hələ ki Milli Şuraya rəqib olacaq koalisiya yoxdur”.
İlkin PİRƏLİ