Kiyevdəki Azadlıq meydanında baş verən qarşıdurmada Ukraynanın 5-ci kanalının əslən azərbaycanlı müxbiri Azad Səfərov xəsarət alıb. Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev bildirib ki, səfirlik olaraq Ukraynadakı Azərbaycan vətəndaşlarına qarşıdurmanın olduğu yerə getməmələri tövsiyə olunub. “Məlumatları biz də mətbuatdan alırıq. Şəhərin mərkəzində etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma var. Eşitdiyimiz qədər müəyyən silahlar da tətbiq olunur. Azərbaycan səfirliyi olaraq Ukraynanın daxili işlərinə qarışmırıq, biz də hadisələri kənardan izləyirik”.
Sabir Rzayev onu da bildirib ki, qarşıdurmalarda xəsarət alan, yaralanan azərbaycanlılarla bağlı hələ ki, heç bir rəsmi məlumat daxil olmayıb. “Azərbaycanın Ukraynadakı səfirliyi öz iş rejimində fəaliyyət göstərir. Qarşıdurmalarda Azərbaycan vətəndaşlarının xəsarət alması, yaralanması ilə bağlı hələ ki, heç bir rəsmi məlumat daxil olmayıb”.
Gültəkin ƏLƏSGƏR