Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri və “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir keçirilib. Əvvəlcə Xocalıda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazim Xudiyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O, qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, yüz minlərlə insanlar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
Tədbirdə çıxış edən digər natiqlər, Xankəndi İctimai Birliyinin sədri Xatirə Qasımova, jurnalist Şamil Sabiroğlu, Xocalı rayon İcra Hakimiyyətinin məsul işçisi Nadir Rəşidov, Şuşa rayon Malıbəyli kənd İcra Nümayəndəliyinin rəhbəri Müzəffər Babayev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.
Tədbirdə Xankəndinin millət vəkili Flora Qasımova Xocalı soyqırımı ilə bağlı ətraflı çıxış edib. O bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26 -na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı işğal edilib, mühasirəyə alınan şəhər yandırılıb, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Millət vəkili daha sonra qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı öz siyasi-hüquqi qiymətini alıb. Çıxışının sonunda millət vəkili gənclərimizə tövsiyyə edərək vurğulayıb ki, hər bir gənc öz təhsilində, hərbi xidmətində, həyat fəaliyyətində mükəmməl addımlar atmalıdır ki, müstəqil Azərbaycanımızın bütövlüyündə, torpaqlarımızın azad olunmasında öz töhfələrini versin, Xocalı soyqırımına biganə qalmağa mənəvi haqqımız yoxdur.
Tədbirin sonunda atası və qohumları Xocalı soyqırımında şəhid olmuş Rafiq Behbudov dövlətimizin və xalqımızın şəhidlərimizə göstərdiyi ehtirama görə tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Sonda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin şagirdlərinin Xocalı soyqırımına həsr olunmuş əbədi bədii kompozisiyası tədbir iştirakçılarına nümayiş etdirilib.
İlham Cəmiloğlu