Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyində qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.
Bu barədə Modern.az-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova məlumat verib. O qeyd edib ki, həmin yataqxana binalarında 124 ailə yerləşib:
“Torpaqlarımızın işğaldan azad olunmasından sonra 10 ailə öz doğma yurdlarına qayıdıb. Hazırda isə 114 ailə bu binalarda yaşayır”.
S.İsgəndərova əlavə edib ki, binaların ümumi vəziyyəti yaşayış üçün standartlara cavab vermir:
“Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib. Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb”.
O həmçinin bildirib ki, köçürülmə prosesi tam başa çatdıqdan sonra yataqxananın ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək:
“Bu qərardan sonra tələbələrin yerləşdirilməsi üçün uyğun şəraitin yaradılması nəzərdə tutulur. Yeni mövsümdə yataqxananın tələbələrin istifadəsinə verilməsi və onların daha əlverişli şəraitdə yerləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır”.
Aytac Bəhruzqızı