“İsrail demokratik dövlətdir. Orada hər bir millətin nümayəndəsi, parlamentin üzvü dövlətin qarşısına müəyyən təkliflərlə çıxa bilirlər. İndi bu məsələdə şəhər merinin razılıq verib-verməyəcəyi onların öz işləridir”.
Bunu Modern.az-a Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Avramov ermənilərin İsraildə “erməni soyqırımı” abidəsinin ucaldılması ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, şəhər merinin bu təklifə razılıq verəcəyi inandırıcı görünmür: “Mənə elə gəlir ki, ağıllı mer olsa, Azərbaycan-İsrail münasibətlərinə qiymət versə, buna icazə verməz. İnanmıram ki, şəhər meri belə bir addım atsın. Biz İsraildə Heydər Əliyev parkını salanda heykəl məsələsini meriya qarşısında qaldırdıq. Bizə bildirdilər ki, İsraildə kiməsə heykəl qoymaq qadağandır. Bu ölkənin heç bir şəhərində heykəl yoxdur”.
Y.Avramovun sözlərinə görə, “erməni soyqırımı” məsələsi İsrail parlamentində bu il də, gələn il də müzakirə oluna bilər: “Mən 9 ildir, parlamentədəyəm, hər il Knessetdə “erməni soyqırımı” müzakirəyə çıxarılır. Burada ayrı-ayrı komissiyalarda ermənipərəst deputatlar soyqırımla bağlı məsələ qaldırırlar, amma qərar qəbul olunmur. Heç vaxt bu məsələ plenar iclasda müzakirə olunmayıb”.Qeyd edək ki, İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb. Bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshak Bravermanla görüşüblər
“Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər.
Xatırladaq ki, 2012-ci ildə İsrail parlamentində - Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi də müzakirəyə çıxarılıb.
Ancaq İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun və ayrı-ayrı fraksiya nümayəndələrinin cəhdi ilə müzakirəyə çıxarılan məsələ dəstəklənməyib.
İlkin PİRƏLİ