Modern.az

“Xocalı əlili” təklifinə icra başçısı “yox”, deputat “hə” deyir

“Xocalı əlili” təklifinə icra başçısı “yox”, deputat “hə” deyir

24 Fevral 2014, 10:58


Millət vəkili Musa Quliyev Xocalı soyqırımı zamanı bədən üzvlərindən birini itirmiş, ağır yaralamış, müxtəlif dərəcəli bədən xəsarətləri almış şəxslərə “Xocalı əlili” adının verilməsi təklifi ilə çıxış edib. Deputat bununla bağlı Nazirlər Kabinetinə müraciət edəcəyini qeyd edib.

Modern.az-a açıqlamasında Xocalı rayonunun icra başçısı Şahmar Usubov müharibə vaxtı əlil olan vətəndaşlar arasında ayrı-seçkilik, bölücülük aparılmasının məqsədəuyğun olmadığını vurğulayıb. İcra başçısının sözlərinə görə, Qarabağ müharibəsində bədəninin müxtəlif əzasını itirmiş vətəndaşların hamısı eynidir.

“Onların hamısı Azərbaycan vətəndaşıdır. “Xocalı əlili” adıyla bölgələr, rayonlar arasında ayrı-seçkilik salmaq olmaz. Şəxsən mən bu təklifin əleyhinəyəm”.

Deputat Elman Məmmədov isə məsələyə aydınlıq gətirərək səsləndirilən fikrin səhv anlaşıldığını deyib. O bildirib ki, bu məsələ dəfələrlə onun tərəfindən də parlament və mətbuat səhifələrində qaldırılıb.
“Mahiyyəti ondan ibarətdir ki, 1988-ci ildən 1991-ci ilə kimi Dağlıq Qarabağda baş verən hadisələr münaqişə formasında idi. Ona qədər əlil olanlar milli münaqişə zəminində əlil olmuş şəxslər hesab olunurdu. Ancaq 1991-ci ilin sentyabrından bölgədə müharibə gedirdi. Məhz buna görə dəfələrlə təklif etmişəm ki, müharibə dövründə əlil olanlar milli münaqişə zəminində baş verən əlillərlə eyni statusda olmasın”.

Milli Məclisin növbəti iclasında bu məsələnin müzakirə olunacağını güman edən E. Məmmədovun sözlərinə görə, 1991-ci ilin payızından müharibə zamanı xəsarət almış vətəndaşların hamısı müharibə əlili kimi qəbul olunmalıdır.

“Əgər Azərbaycan Xocalı soyqırımına hüquqi-siyasi qiymət veribsə və bu gün dünyanın bir çox ölkələri bu faciə soyqırım kimi qəbul edilirsə, soyqırım zamanı əlil olanlar da müharibə əlil statusu daşımalıdır”.   

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU