Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti məqsədilə aparılan yoxlamalarda formal yanaşmalara son qoyulması və əmək hüquqlarının pozulması faktları ilə bağlı tədbirləri gücləndirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, xidmətin regional strukturları tərəfindən cari ilin yanvar ayı ərzində 237 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı 492 halda işçi hüquqlarının pozulması faktı aşkar edilib. Həmin faktlar üzrə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyatı üzrə 159 işəgötürənlərə ümumilikdə 339 min manat məbləğində cərimə tətbiq edilib. Qeyd olunan məbləğin 60 min manatı artıq ödənilib. Məqsəd işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin gücləndirilməsidir.Qeyd edək ki, bu rəqəmlər ötən ilin yanvar ayındakı göstəricilərlə müqayisədə müvafiq olaraq 23 və 14 dəfə çoxdur.
Modern.az