Ölkədə iqtisadiyyatın dinamik inkişafı yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasına, tıxacların aradan qaldırılması ilə bağlı əsaslı işlər görülməsinə, yeraltı və yerüstü avtomobil dayanacağının, park komplekslərinin tikilməsinə geniş imkanlar açıb. Avtomobil dayanacaqlarının inşaası tıxacların aradan qaldırılması və əhalinin rahat gediş-gəlişinin və istirahətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Hər gün minlərlə insanın istifadə etdiyi avtomobil dayanacaqlarının, həmçinin avtomobillərə texniki qulluq məntəqələrinin yanğın təhlükəsizliyi bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin diqqət mərkəzində olan prioritet məsələlərdəndir. Dövlət Yanğın Nəzarəti Xidməti sözügedən obyektlərdə yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması üçün mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində istismar olunan avtomobillərə texniki qulluq məntəqələrinin, çoxmərtəbəli yaşayış binalarının, otellərin, ticarət və əyləncə mərkəzlərinin, həmçinin ictimai-iaşə binalarının zirzəmisində yerləşən yeraltı avtomobil dayanacaqlarında yanğına qarşı mövcud vəziyyətin öyrənilməsi, eləcə də baş verə biləcək yanğın hadisələrinin vaxtında qarşısının alınması məqsədi ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsini planlaşdırıb, bu istiqamətdə həyata keçiriləcək işlərə start verilib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin Modern.az-a verdiyi məlumata görə, xidmət tərəfindən dövlət yanğın nəzarəti xətti ilə həyata keçiriləcək tədbirlərdə avtomobil dayanacaqlarının yanğına qarşı vəziyyəti, yanğından mühafizə sistemləri və qurğularının mövcudluğu, eləcə də həmin sistemlərin işçi vəziyyətdə olması yoxlanılacaq.
Avtomobil dayanacaqlarında həyata keçiriləcək monitorinqlər zamanı aktiv və passiv yanğından mühafizə sistemlərinin mövcudluğu, onların işlək olub-olmaması, baş verə biləcək yanğın hadisəsi zamanı sözü gedən obyektlərdə insanların təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün yol və keçidlərlə təmin olunması diqqət mərkəzəində olacaq və nəqliyyat tutumunun sayı 30-dan çox olan bütün yeraltı avtomobil dayanacaqlarında yanğından mühafizə sistemlərinin və qurğularının maksimum real yanğın şəraitində işlək vəziyyətdə olub-olmamasını müəyynləşdirmək üçün müvafiq testlər keçiriləcək.
Dövlət Yanğın Nəzarəti Xidməti müasir dövrdə yanğına qarşı siqnalizasiya, havadəyişmə sistemlərinin yanğın təhlükəsizliyinin təmin olunması işində roluna xüsusi əhəmiyyət verərək bu sistemlərin istismara qəbulu, istismar olunması, texniki qulluq və təmir işlərinin keçirilməsinin qüvvədə olan normativ-texniki sənədlərin əsasında həyata keçirilməsinə nəzarəti gücləndirib.
Yanğına qarşı siqnalizasiya və havadəyişmə sistemləri qurularkən onların bütün texniki tələblərə uyğun istismar olunması, vətəndaşlar və sahibkarların bu sistemlərin yanğın təhlükəsizliyinin təmin olunmasında rolunu görməsi və cəmiyyətdə bu yanğına qarşı siqnalizasiya və havadəyişmə sistemlərinə inam hissinin formalaşdırılması üçün Dövlət Yanğın Nəzarəti Xidmətinin qurumlarına müvafiq tapşırıqlar verilib.
Modern.az