Modern.az

Müəllimlərin maaşı yay istirahətinə yetir? - SORĞU

Müəllimlərin maaşı yay istirahətinə yetir? - SORĞU

Təhsil

10 İyul 2025, 13:20

Azərbaycanda müəllimlər üçün nəzərdə tutulan əməkhaqqı onların dərs yükü, sertifikasiya nəticələri, iş stajı və işlədikləri bölgəyə görə dəyişir. Əksər müəllimlər aylıq 500-800 manat arasında maaş alsalar da, yüksək dərs saatı və peşəkar göstəricilərə sahib müəllimlər 1000 manatdan artıq əməkhaqqı əldə edə bilirlər. Lakin bu rəqəmlər onların yay aylarını tam istirahətlə keçirməsi üçün bəzən yetərli olmur.

Modern.az müəllimlərin yay istirahəti mövzusunu "AzEdu.az" Təhsil Portalının "Örnək Müəllimlər" layihəsinin iştirakçıları ilə müzakirə edib.

Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Rəsulzadənin sözlərinə görə, müəllimlərin maaşı gündəlik ehtiyacları ödəsə də, onların sosial və fərdi rifahını tam qarşılamır:

“Yay tətilində minimal istirahət belə 400-800 manat aralığında xərc tələb edir. Buna görə bir çox müəllim yay aylarını repetitorluq və əlavə işlərlə keçirir. Bu isə istirahətin əsas məqsədi olan enerjini bərpa etməyi çətinləşdirir. İnkişaf etmiş ölkələrdə müəllimlər yay aylarında təhsil və istirahət üçün dəstək alırlar. Azərbaycanda isə bu imkanlardan şəxsi hesabla istifadə olunur ki, bu da çox vaxt mümkün olmur”.

Müsahibimiz onu da əlavə edib ki, bu məsələnin həlli üçün müəllimlərin maaşının mərhələli şəkildə artırılması, yay istirahəti və təlimləri üçün xüsusi təqaüdlərin ayrılması, eləcə də sosial proqramlar çərçivəsində istirahət paketlərinin təqdim olunması daha məqsədəuyğun hesab edilə bilər.
 



Əməkdar müəllim, Quba rayonu Dağlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi Ülkər Şıxməmmədova isə yay tətilinin ilk hissəsini şagirdlərinə həsr etdiyini bildirib:

“Şagirdlərimiz yay tapşırıqları ilə bizə müraciət edirlər və biz hər həftə bir gün onlarla onlayn şəkildə görüşlər keçiririk. Avqustun 26-dək istirahətimiz olur. Mən Həmkarlar İttifaqının tövsiyə etdiyi istirahəti ailəmlə birlikdə Şəki rayonunda keçirməyi planlaşdırıram. 34 illik pedaqoji fəaliyyətimdə ilk dəfədir ki, istirahət üçün zaman ayırıram. Hər zaman vaxtımı şagirdlərimin təhsilinə və onlara dəstək olmağa sərf etmişəm”.

Samux rayonu E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Hüseynova deyib ki, yay aylarını həm istirahət, həm də peşəkar inkişaf üçün fürsət olaraq qiymətləndirir:

“Azərbaycan təbiətinin zəngin bölgələrinə səyahət etmək, sakit mühitdə oxumaq və düşünmək mənim üçün yay tətilinin əsas mahiyyətini təşkil edir. Eyni zamanda, təlimlərdə və müxtəlif layihələrdə iştirak edərək bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Əməkhaqqım gündəlik ehtiyaclarımı qarşılamaq üçün yetərlidir, lakin əlavə imkanlardan yararlanmaq üçün daim öz üzərimdə çalışıram”.

Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli ümumtəhsil məktəbinin müəllimi Tural Fərəcov isə uzun və yorucu tədris ilindən sonra belə tam istirahət imkanı tapmadığını vurğulayıb:

“Müəllim maaşı ilə xarici ölkələrə getmək real deyil. Azərbaycanda isə istirahət üçün 2-3 günlük səyahət planlaşdırmaq mümkündür, lakin turizm qiymətləri çox bahadır. Keçən il xaricə getsəm də, bu il övladımın təhsili ilə bağlı xərclər və qəbul prosesi səbəbilə planı təxirə salmışam. Hazırda ailəmlə birgə bir neçə yerə səfər etməyi düşünürəm”.

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi