Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi ötən həftə - 10 iyulda başa çatsa da, nəticələr hələ ki açıqlanmayıb. Bu səbəbdən də vakant yerlərin seçimi mərhələsinin vaxtı da məlum deyil.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 3, 4, 8 və 10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65 572 namizəd dəvət edilib. Ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7% davamiyyət qeydə alınıb.
Modern.az-ın məlumatına görə, MİQ imtahanlarının nəticələrinin bu həftə açıqlanacağı gözlənilir.
Müsabiqədə iştirak etmiş namizədlərdən bütün fənlər test imtahanlarının apellyasiya müraciətləri ötən həftə qəbul edilib. Hazırda apellyasiya müraciətləri baxılma mərhələsindədir.
Məlumata görə, bu həftə apellyasiya müraciətlərinin cavabları namizədlərin şəxsi kabinetinə göndəriləcək. Eyni zamanda test imtahanı mərhələsində kimin neçə bal topladığı da bilinəcək. Ardınca isə müsabiqənin növbəti mərhələsinin vaxtı açıqlanacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.
Bu mərhələlərdən ikisi artıq geridə qalıb.
Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim edilir.
Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.
Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.
Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər.