Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdi dünən başa çatıb. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən, nəticələrin 2 həftə sonra açıqlanması nəzərdə tutulub.
“III ixtisas qrupu üzrə sualların əvvəlki illərlə müqayisədə nisbətən asan olduğu müşahidə edilsə də, I və IV ixtisas qruplarında abituriyentlər müəyyən çətinliklərlə qarşılaşıblar”.
Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu hal bir sıra amillərlə izah olunur:
“Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri bəzi abituriyentlər üçün gözlənilən olmayıb. Xüsusilə də blok imtahanında 100 bal həddini keçə bilməyənlərin sayının az olduğu diqqətçəkicidir”.
Ekspertin fikrincə, bəzi abituriyentlər ikinci cəhddə bu həddi keçəcəklərinə ümid etsələr də, nəticə istədikləri kimi olmayıb:
“Bu hal, şübhəsiz ki, ixtisas seçiminə də təsirsiz ötüşməyəcək. Ancaq vəziyyət subbakalavrlar üçün daha əlverişlidir. Müsabiqədən kənarlaşdırılan abituriyentlərin yerinə subbakalavrlar boş qalan plan yerlərinə seçim edə biləcəklər. Bu baxımdan nə qədər çox abituriyent kənarda qalarsa, subbakalavrların ali məktəbə qəbul şansı bir o qədər artır”.
R.Nurəliyev qeyd edib ki, 700 bal toplayan abituriyentlərin sayı buraxılış və blok imtahanlarının hər ikisində maksimum nəticə göstərənlərdən asılıdır:
“Buraxılış imtahanında 300 bal toplayan abituriyentlər arasında 700 bala yaxınlaşacaq namizədlər ola bilər. Ancaq görünən budur ki, bu say elə də, çox olmayacaq. Statistik rəqəmlər açıqlanmadan isə konkret fikir bildirmək çətindir”.
Təhsil eksperti həmçinin vurğulayıb ki, bəzi abituriyentlər buraxılış imtahanında yüksək nəticə göstərsələr də, blok imtahanında 100 balı keçə bilmirlər:
“Bu, imtahan suallarının çətinliyi və struktur fərqlərindən irəli gəlir. Məsələn, buraxılışda 170-180 bal toplayanlar blokda 100 balı keçə bilmir. Bu, imtahan sisteminə yenidən baxılması zərurətini ortaya qoyur”, - deyə o bildirib.
Təhsil ekspertin Elçin Süleymanov isə söyləyib ki, bu il 700 bal toplayanların sayı ötən illərlə müqayisədə bir qədər çox ola bilər:
“Buraxılış mərhələsində 300 bal toplayan təxminən 40-45 abituriyent var. Onlardan bir neçəsinin ikinci mərhələdə də maksimum nəticə göstərməsi mümkündür. Amma burada əsas diqqət 700 bala deyil, ayrı-ayrı ixtisas qrupları üzrə ümumi nəticələrə yönəlməlidir”.
Təhsil eksperti əlavə edib ki, ilkin müşahidələr builki nəticələrin daha yüksək olduğunu, əsasən 600–650 bal toplayanların sayında artım olacağını göstərir.
E.Süleymanov son olaraq onu da qeyd edib ki, plan yerlərində müəyyən artım olduğundan, digər bal aralıqlarında əvvəlki illərlə müqayisədə elə də ciddi fərq gözlənilmir.
Aytac Bəhruzqızı