Qəbul imtahanlarının hər iki mərhələsinin başa çatması ilə minlərlə abituriyent və valideyn üçün nəticələri dəyərləndirmək, ixtisas seçiminə hazırlaşmaq mərhələsi başlayıb. İmtahanların nəticələri təkcə fərdi taleləri deyil, eyni zamanda ölkənin insan kapitalı siyasətini, əmək bazarının gələcəyini və ali təhsil müəssisələrinin real funksional yükünü də müəyyən edir.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bilidirib ki, bu qədər strateji əhəmiyyət daşıyan bir proses yalnız statistik nəticələr səviyyəsində qiymətləndirilir, dərinləşdirilmiş təhlil, diaqnostika və proqnozlaşdırma mexanizmləri isə hələlik mövcud deyil:
“Qəbul imtahanlarının nəticələri ilə bağlı əsas məsələ keçid ballarının necə dəyişəcəyidir. Gözləntilər onu göstərir ki, bəzi qruplarda xüsusilə texniki və kənd təsərrüfatı yönümlü ixtisaslarda keçid ballarında azalma olacaq. Çünki bu sahələrə olan maraq zəifdir və müraciət edənlərin balları da orta səviyyədən aşağıdır. Buna qarşı olaraq hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi kimi populyar ixtisaslarda keçid ballarında 10–20 ballıq artım proqnozlaşdırılır. Bu, son illərin tendensiyasıdır və digər illərlə müqayisədə rəqabətin artmasını təsdiqləyir”.
Ekspert əlavə edib ki, dünya təcrübəsində – xüsusilə Almaniya, Finlandiya və Cənubi Koreyada qəbul imtahanlarının nəticələri hər il əmək bazarı proqnozları ilə müqayisə olunur:
“Bu ölkələrdə qəbul planlaması 3 il əvvəldən hazırlanır, tələbələrin ixtisas seçimi isə karyera məsləhətçilərinin iştirakı ilə həyata keçirilir. Azərbaycanda isə bu prosesi valideynlər emosional qərarlarla, abituriyentlər isə “balıma nə düşürsə, onu yazım” prinsipi ilə həyata keçirir. Nəticədə minlərlə gənc yanlış ixtisas seçimi edir və ali təhsilli işsizlər sırasına qoşulur”.
O həmçinin vurğulayıb ki, bu il qəbul imtahanlarının nəticələri bir daha göstərir ki, ali təhsil təkcə imtahan nəticəsi ilə formalaşmamalıdır:
“O, əmək bazarına inteqrasiya, sosial-siyasi yönləndirmə, kadr siyasətinin proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf strategiyası ilə uzlaşdırılmalıdır. Əgər bu əlaqə qurulmazsa, yüksək bal sadəcə rəqəmə çevriləcək, ixtisaslar isə əmək bazarında qarşılığı olmayan formal diplomlara dönəcək”.
"Nəticə olaraq, bu il 700 bal toplayan olmayacaqsa, bu təkcə imtahanın çətinliyi deyil, həm də sistemin keyfiyyət göstəricisi ilə əlaqəlidir,- K.Əsədov əlavə edib.
“Keçid ballarında sahəyə görə dəyişikliklər olsa da, struktur problem olaraq qalacaq. Elm və Təhsil Nazirliyi bu prosesə texniki yox, strateji məsələ kimi yanaşmalı, ali təhsilin planlamasını dəyişdirməli, ictimaiyyəti marifləndirməli və əmək bazarı ilə uyğunluq yaratmalıdır. Əks halda, hər il keçirilən qəbul imtahanları təkcə bal rəqabətindən ibarət olacaq, lakin real həyat üçün hazır insan kapitalı formalaşdırmayacaq”.
Aytac Bəhruzqızı