Modern.az

Magistr təhsilinə əmək bazarında geniş ehtiyac yoxdur - Deputat

Magistr təhsilinə əmək bazarında geniş ehtiyac yoxdur - Deputat

Təhsil

17 İyul 2025, 14:13

Son illərdə qəbul ballarındakı dəyişikliklər magistratura təhsilinə olan marağın artdığını bir daha gündəmə gətirib. Belə ki, hazırkı əmək bazarında rəqabətin güclənməsi magistr dərəcəsini bir çox gənc üçün həm karyera imkanlarının genişlənməsi, həm də ixtisaslaşma baxımından mühüm mərhələyə çevirib. Bu tendensiya isə sübut edir ki, müasir iş dünyasında peşəkar biliklərə və dərin ixtisaslaşmaya olan tələbat artıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, magistratura üzrə ballarda dəyişikliklərin nə ilə nəticələnəcəyini əvvəlcədən dəqiq demək çətindir:

“Balların artması və ya azalması müəyyən qədər marağa təsir etsə də, əsas amil deyil. Doğrudur ki, ölkəmizdə magistraturaya maraq kifayət qədər var, lakin əmək bazarında bu dərəcəyə geniş şəkildə ehtiyac duyulmur”.

Millət vəkili qeyd edib ki, magistratura təhsili şəxsi və peşəkar inkişaf baxımından faydalı sayılsa da, onun karyera imkanlarına təsiri hər sahədə eyni səviyyədə deyil:

“Mənim fikrimcə, ölkəmizdə magistratura təhsili hələlik tam oturuşmayıb. Bu pillə daha çox doktorantura və ali təhsil müəssisələrində pedaqoji fəaliyyət baxımından aktuallıq kəsb edir. Digər sahələrdə isə bu zərurət bir o qədər də hiss olunmur”.

C.Məmmədov onu da əlavə edib ki, ixtisas seçimi gənclərin hansı peşə və sahəyə yönəlmək istəklərindən asılıdır. Onun sözlərinə görə, son dövrlər biznes, mühəndislik kimi sahələrə çox böyük maraq müşahidə olunur və bu istiqamətlərdə inkişaf meyli də daha güclüdür:

“Yekun olaraq vurğulamaq istərdim ki, magistratura vacib olsa da, onu hər kəs üçün mütləq mərhələ kimi qəbul etmək doğru deyil. Bu baxımdan gənclərimiz çalışmalıdırlar ki, daha çox onlar üçün uyğun istiqamətlərə yönəlsinlər”.
 

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi