Dövlət İmtahan Mərkəzinin (DİM) apellyasiya xidməti qəbul imtahanlarının bir hissəsidir və ayrıca xidmət kimi qiymətləndirilməməlidir.
Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında deyib. O bildirib ki, abituriyentlər DİM tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak edir və buraxılış mərhələsi dövlət hesabına həyata keçirildiyindən ödənişsiz olur. Lakin ikinci və sonrakı imtahanlar abituriyentlərin şəxsi vəsaiti hesabına baş tutur, bu mərhələdə kifayət qədər ödəniş həyata keçirilir ki, apellyasiya da bu məbləğin tərkibinə daxil olmalıdır:
“Düşünürəm ki, abituriyent həmin imtahan nəticəsində səhvlik olduğunu düşünürsə, apellyasiya müraciəti etmək onun hüququdur və bu proses də imtahanın ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən apellyasiya üçün əlavə ödənişin tələb olunması düzgün yanaşma deyil. Onsuz da valideyn övladının imtahanı üçün ödəniş edib və bu vəsait apellyasiyanı da əhatə etməlidir”.
R.Nurəliyev apellyasiya müraciətlərinin sayının çoxluğuna görə yaranan narahatlıqlar məsələsinə də toxunub. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasında müəllim və valideynlərin də təsiri var:
“Bəzən müəllimlər və ya valideynlər qarşısında məsuliyyətdən yayınmaq üçün günahı DİM-in üzərinə atmağa çalışırlar. Nəticədə abituriyentlər də “mən başqa cür yazmışdım, səhv yoxlanılıb” kimi fikirlərlə apellyasiyaya müraciət edirlər”.
Əsas problemin kökündə insan faktorunun dayandığını deyən təhsil eksperti bu məsələnin həlli üçün imtahan sisteminin elektronlaşdırılmasının vacibliyini vurğulayıb:
“Hazırda yazılı suallar markerlər tərəfindən yoxlanıldığından, insan faktoru fərqli nəticələrə səbəb ola bilir. Bir çox abituriyentin apellyasiya nəticəsində ballarının dəyişməsi, markerlərin səhv yoxlanma ehtimalını sübut edir. Bu isə apellyasiya müraciətlərinin haqlı səbəblərlə edildiyini göstərir”.
Nəticə olaraq ekspert qeyd edib ki, imtahanların elektron formata keçirilməsi həm yoxlanma prosesində şəffaflığı və obyektivliyi artıracaq, həm də apellyasiya müraciətlərinin sayını minimuma endirəcək:
“Əvvəlki illərdə imtahanlar tam elektron şəkildə keçirildikdə belə problemlər olmurdu, nəticələr bir neçə gün ərzində elan olunur və apellyasiya ehtiyacı yaranmırdı”.
Sonda ekspert əlavə edib ki, apellyasiya üçün əlavə ödəniş tələb olunması nə qanuni, nə də etik baxımdan doğru yanaşmadır. Onun fikrincə, imtahan prosesi üçün ödənilən məbləğ eyni zamanda apellyasiya mərhələsini də tam əhatə etməlidir.
Aytac Bəhruzqızı