Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə bir müddət əvvəl qeyd edib ki, magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının qiymətləndirilməsi, yəni “speaking” mərhələsi tətbiq ediləcək.
Proses uğurlu olarsa, eyni mərhələ digər imtahanlar üçün də keçiriləcək.
Qeyd edək ki, gələcəkdə abituriyentlərin də universitetlərə qəbul zamanı danışıqlar bacarıqlarının yoxlanılması məsələsi gündəmə bilər.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova Modern.az-a mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, “speaking”in tətbiqi təhsildə mühüm bir yeniliyin göstəricisidir:
“Bu qərar beynəlxalq təcrübəyə uyğun olaraq imtahanlarda yalnız qrammatika və test bacarıqlarını yox, real ünsiyyət qabiliyyətini də qiymətləndirməyi hədəfləyir. Dünya təcrübəsində, məsələn, IELTS, TOEFL və “Cambridge English” kimi imtahanlarda dil bilikləri oxuma, yazma, dinləmə və danışıq bacarıqları üzrə ayrıca ölçülür və bu sistem insanın real dil bacarıqlarını üzə çıxarmaqda daha effektiv hesab olunur”.
Məktəbdə bir çox ingilis dili müəllimi şagirdlərə dinləmə və danışma bacarıqları öyrədə bilmir
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da son illər mərhələlərin daha da mürəkkəbləşdiyi görünür. Bu, müsbət addım olsa da, məktəblərdə dərs deyən ingilis dili müəllimlərinin eyni səviyyədə hazırlanması məsələsini aktuallaşdırır. Təəssüf ki, hazırkı reallıqda bir çox müəllim dinləmə və danışıq bacarıqları üzrə şagirdləri kifayət qədər hazırlaya bilmir. MİQ və sertifikasiya imtahanlarının nəticələri də göstərir ki, müəllimlərin nəzəri bilikləri və test hazırlığı bacarıqları yüksək olsa da, ünsiyyət yönümlü tədris metodikaları və praktiki danışıq qabiliyyətləri hələ tam istənilən səviyyədə deyil”- deyə o bildirib.
Mövcud sistem nəzəri biliklərə əsaslanır
G. Əkbərova qeyd edib ki, sözügedən məsələni valideyn kimi müşahidəsi də ürəkaçan deyil:
“Valideyn kimi müşahidələrim göstərir ki, uşaqlar məktəbdə və ya hazırlıq kurslarında əsasən qrammatika öyrənməyə və test həllinə fokuslanır, lakin bu, onların danışıq bacarığını inkişaf etdirmir. Onlar imtahanda yüksək bal toplasalar da, ingilis dilində sərbəst danışmaqda və real ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu da göstərir ki, mövcud sistem daha çox nəzəri biliklərə əsaslanır və praktiki bacarıqların formalaşması üçün kifayət qədər şərait yaratmır”.
Onun sözlərinə görə, Avropa ölkələrində, Cənubi Koreya, Yaponiya və Finlandiyada xarici dil müəllimləri müəyyən müddət aralıqlarında öz dil səviyyələrini CEFR standartına görə B2 və ya C1 səviyyəsində təsdiqləməlidirlər.
“Danışıq bacarıqları zəif olan müəllimlər xüsusi təlimlərə yönləndirilir və bu proses müəllimlərin peşəkar inkişafını davamlı olaraq dəstəkləyir. Azərbaycanda da müəllimlərin müasir kommunikativ tədris metodikalarını mənimsəməsi və dil bacarıqlarını təkmilləşdirməsi üçün davamlı inkişaf proqramlarına böyük ehtiyac var”.
İmtahanların təkminləşməsi ilə müəllimlərin bacarıqları da artmalıdır
“Nəticə olaraq, imtahanlara “speaking” mərhələsinin əlavə olunması müasir çağırışlara cavab verən doğru addımdır, lakin bu dəyişiklik uğurlu nəticə verməsi üçün təkcə qiymətləndirmə sistemində yeniliklər kifayət etmir. Müəllimlərin praktik bacarıqları, dərs metodikaları və resurslarla təminatı da paralel şəkildə gücləndirilməlidir. Əks halda, şagirdlər yenə də danışıq bacarığı olmadan yalnız repetitor dərslərinə yönələcək və bu, həm onların, həm də ümumi təhsil sisteminin inkişafına mane olacaq. İslahatların uğuru üçün müəllim hazırlığı, məktəb proqramları və qiymətləndirmə sistemi vahid bir konsepsiya ilə inkişaf etdirilməlidir”.