Ali təhsil müəssisələrinə qəbul prosesi artıq yekunlaşmaq üzrədir.
Təhsil eksperti Ramin Nurəliyev Modern.az-a bu il ixtisas seçimi və nəticələrin açıqlanma müddəti ilə bağlı ilkin proqnozları bölüşüb.
Onun sözlərinə görə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin yaxın günlərdə açıqlanması gözlənilir:
“Artıq qəbul prosesinin son mərhələsindəyik. Jurnalistika və digər qabiliyyət tələb edən ixtisaslar da daxil olmaqla, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları yekunlaşmalıdır. Bu mərhələlər başa çatdıqdan sonra apellyasiya müraciətlərinə baxılması ən geci bir həftəyə yekunlaşacaq”.
Ekspertin hesablamasına əsasən, bütün proseslərin tamamlanması avqustun 8-10-da ixtisas seçiminin başlanmasına şərait yarada bilər:
“Əgər I və IV ixtisas qruplarının nəticələri iyulun 25-ə qədər elan olunarsa, qabiliyyət imtahanları və apellyasiya mərhələsi də bir həftəyə yekunlaşacaq. Beləliklə, ixtisas seçiminin ötən illərdə olduğu kimi avqustun 8-dən 10-na qədər başlaması və 10 gün davam etməsi ehtimal olunur”.
Nəticələrin elan olunma vaxtına gəlincə, R. Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi adətən seçim başa çatdıqdan 2-3 iş günü ərzində nəticələri açıqlayır:
“Bu, təxminən avqustun 24-25-i tarixlərinə təsadüf edə bilər”.
Təhsil eksperti onu da əlavə edib ki, qəbul nəticələrindən sonra proses kolleclərə ixtisas seçimi və boş qalan yerlərə təkrar seçim mərhələsi ilə davam edəcək:
“Bu mərhələnin də avqustun 25-dən sonra, yəni nəticələr elan olunduqdan 2-3 gün sonra başlaması gözlənilir. Nəhayət, abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrinə qeydiyyat prosesi başlayacaq ki, bu mərhələ sentyabrın 10-na qədər davam edə bilər”.