Abituriyentlər üçün qəbul imtahanları prosesi hər il olduğu kimi bu il də gərgin keçir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahan mərhələləri, qeydiyyat prosedurları, qabiliyyət və xarici dil imtahanları, apellyasiya müddətləri sentyabra qədər uzanır. Bu isə həm abituriyentlər, həm də onların ailələri üçün uzunmüddətli psixoloji yüklənməyə səbəb olur.
Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu proses xüsusilə 11-ci sinif məzunlarının yay aylarında istirahət imkanlarını tamamilə əlindən alır:
“Mart ayından başlayaraq buraxılış imtahanları, daha sonra qəbul imtahanlarının birinci və ikinci mərhələsi, qabiliyyət imtahanları, xarici dildə təhsil alanlar üçün əlavə dil imtahanları və digər prosedurlar sentyabr ayına qədər davam edir. Yəni 11-ci sinfi yeni bitirən abituriyent martdan sentyabra qədər fasiləsiz stres içində olur. Bu da onun istirahətinə, bərpasına və ali təhsilə motivasiyalı başlamasına mane olur”.
Ekspertin fikrincə, qəbul prosesi sentyabr ayına qədər uzandığı üçün tələbə adını qazanan gənclər artıq yeni mərhələyə fiziki və psixoloji cəhətdən yorğun daxil olurlar.
“Biz bunu illərdir müşahidə edirik ki, 1-ci kurs tələbələri stresli qəbul prosesindən sonra universitet dərslərinə adaptasiya ola bilmirlər. Onlar bu gərginlikdən ayrılmadan birbaşa universitet həyatına atılırlar və nəticədə bu stres onların akademik göstəricilərinə də təsir edir”.
Ramin Nurəliyev hesab edir ki, bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzi imtahan və sənəd qəbulu proseslərini daha yığcam təqvimlə təşkil etməli, ən azı avqustun 15-dək proses yekunlaşdırmalıdır:
“Abituriyentlərin heç olmasa bir aylıq istirahət dövrü olmalıdır ki, onlar ali məktəbə rahat və motivasiyalı başlaya bilsinlər. Avqustun sonu və sentyabr yalnız istirahət və adaptasiya dövrü kimi nəzərdə tutulmalıdır. Əks halda, tələbələr universitetə artıq tükənmiş şəkildə daxil olur və bu da onların həm psixoloji, həm də akademik baxımdan uğurlarına əngəl yaradır”.
Ekspert bu istiqamətdə aidiyyəti qurumların daha çevik və gənclərin psixoloji sağlamlığını nəzərə alan qərarlar verməsini vacib saydığını da sonda vurğulayıb.