Prezident İlham Əliyev beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılaraq 8-ə çatdırılacaq. Bu təşəbbüs ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin yerli ali məktəblərdə tətbiqi və rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədini daşıyır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a açıqlamasında bu təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib:
“Bu, olduqca müsbət bir layihədir. Hətta parlamentdə hökumətin hesabatı çərçivəsində baş nazirin çıxışı zamanı mən də bu təşəbbüsü tövsiyə kimi təqdim etmişdim”.
Deputat qeyd edib ki, layihədə ADA Universiteti də iştirak edir:
“Bu, son dərəcə faydalı bir təşəbbüsdür. İkili diplom proqramı Azərbaycanın universitetlərinin təhsil keyfiyyətini və səviyyəsini yüksəldir. Bununla yanaşı, xarici tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənir - xaricdən müəllimlər gəlir, tələbə mübadiləsi həyata keçirilir”.
F.İsmayılzadə əlavə edib ki, layihə tədqiqat sahəsində də geniş imkanlar yaradır:
“Sözügedən istiqamətdə birgə laboratoriya işləri görülür ki, bu da elm və innovasiya istiqamətində irəliləyişə səbəb olur. Ümumilikdə isə, bu təşəbbüs universitetlərimizin potensialının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Millət vəkili sonda vurğulayıb ki, bu layihənin davamlı xarakter alması və yeni mərhələyə keçməsi olduqca sevindirici haldır.
Aytac Bəhruzqızı