Modern.az

Azərbaycan modeli

Azərbaycan modeli

1 Mart 2014, 12:21

Hansı ölkədə yaşadığının, hansı xalqın övladı olduğunun doğru təyinatından başlayır hər şey. Burada pafos, bəlağət, “səndən ötrü can verməyə cümlə hazırız” şəklində deyimlər də normal yasamda, düşüncə sistemində ciddilik şkalasını aşmaz.

Əsas odur ki, indiki halı ilə bu dövlətin dünya gəmisində mərtəbəsini və ayrılmış yerini düzgün aydınlaşdırasan. Əsas odur ki, Xocalı və ya 20 Yanvar abidəsinə dinc şəraitdə baş çəkməyə gələn çoxluqla deyil, Qarabağı işğaldan azad etmək istəyən azlığın necə artıb-azaldığını müəyyənləşdirib öz xalqının potensialını biləsən. Bunları biləndən sonra şeirlə, mahnı ilə, əzbərlədiyin ideoloji mətnlərdən uzaqlaşaraq siyasət, cəmiyyət həyatına baxışın fövqünə qalxa bilirsən və hər bir addımın optimallığını daha səlis düşünə bilirsən.

Bu üzən gəmidə Azərbaycan adlanan dövlətin yerini dəqiq təyin edəndən sonra bu iqtidarın xarici siyasət kursunun ağıllı və optimal olduğunu söyləyirsən, olursan iqtidara işləyən.

Dövlət vəsaitini mənimsəyərək vicdanla öz işini görməyənləri tənqid edirsən, olursan müxalifətçi.

Zəif və keyfiyyətsiz təhsil modelimizin içində Türkiyədən gələn məktəb alternativinin ortadan qalxmasına qarşı çıxış edirsən - oldun Nurçu.

Modern dünyada tarixdən aldığımız mirasın yanlışlığını söyləyib, Səfəvi dünyagörüşünün İran dini fəlsəfi məktəblərinin davamı olduğunu söyləyirsən, olursan anti-şiə.

Suriyaya yalançı cihad çağırışları ilə yollanmanın İslamla bir əlaqəsi olmadığını dilə gətirirsən, olursan anti-İslam.


ABŞ-ın İrana qarşı müharibə faciəsi yaşatmaq təşəbbüsünə qarşı çıxırsan, olursan İrançı.

Osmanlı dövlətini də özbəöz Türk dövləti kimi müdafiə edirsən, Nuru Paşanı millətinin xilaskarı sayırsan, olursan Osmanlıçı.

Dini mərasimlərin insanlara cəhalət aşıladığını, pirlərin, qəbirüstü abidələrin İslamla əlaqəsi olmadığına diqqət çəkirsən, Qurandan və Peyğəmbərin sünnətindən başqa məsələlərə aludə olmamağı tövsiyə edirsən, olursan vəhhabi.

Qısa şalvarla, uzun saqqalla, mərsiyə ilə, ələm uçurmaqla tanıdılan İslamın yanlışlığına diqqət çəkirsən, olursan ateist.

Türkiyədə hər cür çevrilişin əleyhinə fikir söyləyirsən, olursan AKP-çi.

Dinçi yobazlıqdan danışırsan, olursan laik, laik yobazlıqdan danışırsan, olursan dinçi.

Atatürkçü, anti-Atatürkçü, Elçibəyçi, Anti-Elçibəyçi, hərəkatçı, cəbhəçi, konstruktiv müxalifətçi, cib müxalifəti...


Bir-birinə daban-dabana zidd olan bu yarlıqlara görə kimsəni qınamağı da düşünmürəm. Sadəcə, öz daxili müstəqilliyinin gücünə inanan bir insanın hər hadisəyə, hər təzahürə öz baxışının olacağını idarə olunan insan sürüsü heç cür çözə bilmir, axtardığı, quraşdırdığı, yamadığı qəliblərin içində də istədiyi müddətdə səni saxlaya bilməyəndə əsəbiləşməyə başlayır.

Düşünürlərdən birinin sözü kimi yadımda qalmış: “Cahilin ibadəti onun fəzilətini deyil, cahilliyini daha da artırır”. Cahilin vətənpərvərliyi də elədir, iqtidarçılığı da, müxalifətçiliyi də, vəzifəsi də, səlahiyyəti də, zənginliyi də, yoxsulluğu da...

Bu məmləkətdə müstəqil düşünən insanları nə yuxarıda, nə də aşağıda sevirlər. Mən bunu vaxtilə mərhum Aydın Məmmədova münasibətdə görmüşdüm. Çünki hamı ovcunda tutduğu bardağın içinə dünyanı sadələşdirərək doldurub və o bardağın hüdudlarında səni görməyəndə qorxmağa, paxıllıq etməyə, təhlükə mənbəyi kimi görməyə başlayır. Bu zaman heç bir mübahisənin yeri qalmır. “Mənə bircə Allah yetər!” deyib yoluna davam edəcəksən.

Bütün bu yarlıqlar birləşəndə, əslində hamını, hər görüşü əhatə edən bir Azərbaycan modelini tamamlayır. Bəlkə də özümüz başqasına buraxmadan öz qəlibimizi belə bir model üzərindən təyin etməliyik. Hamını, hər görüşü əhatə edən bir Azərbaycan olanda, adamlar gözlərini əllərindəki bardağa zilləməyəcəklər. Hamı özünü tapa biləcəyi bir ünvana - Azərbaycana baxacaq. Bu Azərbaycan məkanca nə qədər artıb-azalacaq, deyə bilmərəm, ancaq hər kəsin düşüncə dalğalarının yayılmasına yetərli bir genişlikdə olacaq...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı