“Son vaxtlar AXCP üzvlərinə qarşı siyasi repressiya kampaniyasının başlanması, xeyli gəncin heç bir əsas olmadan həbs olunması onu göstərir ki, hakimiyyət AXCP-yə qarşı aqressiv münasibət göstərir. Bunun ardınca da qərargahda baş verən partlayış bu prosesin tərkib hissəsidir”.
Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, bu işdə məqsəd AXCP-ni təhdid etməkdir: “Qərargahımızın olması hakimiyyəti çox ciddi narahat edir. Buna görə də qərargahın partladılması onun sahibinə mesaj verir ki, Cəbhə bu binada qalacağı təqdirdə obyektin aqibəti təhlükəli olacaq. Yəni, məqsəd AXCP-ni qərargahdan çıxarmaqdır. Hesab edirik ki, bu, bizə qarşı yönəlib”.
F.Qəhrəmanlı qərargahdakı partlayışın qaz sızmasından baş verməsini istisna edir: “Orada qaz balonunun olmasını güman etmirəm. Həm də onun partlaması bu qədər ciddi ziyan vura bilməzdi”.
Qeyd edək ki, bu gün gecə saatlarında AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisində güclü partlayış baş verib. Partlayış nəticəsində binaya ciddi ziyan dəyib.
İlkin PİRƏLİ