Hazırda Türkiyə Respublikasında 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) 22578 müraciət daxil olub ki, bu müraciətlərin 5327-si (19%) Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.
Qeyd olunan ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina qərarlarının səbəbləri arasında “açık öğretim” təhsilalma forması üzrə 35,9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29,23%, fiziki olaraq xarici ali təhsil müəssisələrində normativ təhsil müddətindən az olanlar üzrə 15,38%, autentik olmayan təhsil sənədi təqdim edənlər üzrə 11,28%, distant təhsil üzrə 8.21% təşkil etmişdir. İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.Qeyd edək ki, ümumilikdə hər ötən ilə münasibətdə son altı ildə (2019-2024) Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması üzrə müraciətlər artan dinamika ilə davam edib.
Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalq reytinqlərdə yer alan Türkiyə universitetlərinə münasibətdə təhlilinə nəzər yetirdikdə, ən çox müraciət olunan universitetlər arasında 2024-cü il üzrə “Times Higher Education”, “QS” və “Shanghai” kimi reytinq sıralamasında Hacettepe universitetinin hər üç, İstanbul universitetinin isə iki reytinq üzrə ilk 1000-likdə olan universitetlər arasında yer aldığı görünür.
Qeyd olunan reytinqlər üzrə ilk 1000-likdə yer alan ali təhsil müəssisələrinin məzunları tərəfindən kvalifikasiyaların tanınması üçün olunan müraciətlərin təhlili göstərir ki, “Times Higher Education” reytinqində ilk 1000-likdə yer alan Türkiyə universitetlərindən 478 müraciət daxil olub (ümumi Türkiyə üzrə müraciətlərin 8.97%-i). Onlardan 473 nəfəri şəhadətnamə əldə edib, 5 nəfər barəsində isə imtina qərarı qəbul edilib. Eləcə də, “QS” reytinqinə münasibətdə müvafiq say 741 (ümumi Türkiyə üzrə müraciətlərin 13.91%) olub ki, onlardan 726-sı barədə müsbət, 15-i barədə isə imtina qərarı verilib. Bu reytinq üzrə Hacəttəpə Universitetindən 133, İstanbul Universitetindən isə 245 ərizəçi kvalifikasiyaların tanınması üçün müraciət edib.
“Shanghai” reytinqinə münasibətdə də oxşar mənzərəni görə bilərik. Belə ki, ilk 1000-likdə olan Türkiyə universitetlərindən tanınma üçün 758 müraciət daxil olub (ümumi Türkiyə üzrə müraciətlərin 14.22%), onlardan 697-sinə şəhadətnamə təqdim edilib, 61-i haqqında isə imtina qərarı çıxarılıb. Bu reytinq üzrə də Hacəttəpə və İstanbul universitetləri üstünlük təşkil edib. Qeyd olunan reytinqlərdə yer alan eyni ali təhsil müəssisələri üzrə müraciətlər təkrarlanır.
Əlavə olaraq, altı ilə münasibətdə Türkiyədən daxil olan 5327 müraciətin yalnız 1050-si yuxarıda qeyd olunan üç beynəlxalq reytinqin (Times Higher Education, QS, Shanghai) ən azı birində ilk 1000-lik sıralamasında yer alan universitetlərdən əldə olunub ki, bu isə qardaş ölkə üzrə ümumi müraciətlərin cəminə nisbətdə 19.71 % təşkil edir. Qeyd olunan 1050 müraciətin 36%-i, yəni təqribən üçdə biri yalnız iki universitet, Hacəttəpə və İstanbul universitetlərinin payına düşür. Bu isə Türkiyə üzrə beynəlxalq reytinq sıralamasına daxil olan universitetlərə müraciətlərin sayının beynəlxalq reytinq üzrə ilk 1000-likdə yer almayan təhsil müəssisələrinə olan müraciətlərin sayına nisbətdə əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir.
Eyni zamanda, tənzimlənən ixtisaslar üzrə TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması ilə bağlı imtahan nəticələrinə nəzər yetirdikdə, yuxarıda qeyd olunan məqamlar bir daha öz təsdiqini tapır. Belə ki, 23.06.2025-ci tarixində DİM tərəfindən tənzimlənən ixtisaslar üzrə keçirilən növbəti imtahanda (müəllimlik, hüquqşünaslıq və mühəndislik) iştirak edən 28 nəfər Türkiyədən əldə olunan kvalifikasiya sahiblərinin 11 (ümumi müraciətçilərin təxminən 40%-i) nəfəri uğursuz nəticə əldə edib.
Ümumilikdə, aparılan təhlil göstərir ki, 2019–2024-cü illər üzrə Türkiyı ali təhsil müəssisələrindən əldə olunmuş kvalifikasiyaların tanınması üçün edilən müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunsa da, ümumi 5327 müraciətdən yalnız 19.71%-i beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərə aiddir. Bu da onu göstərir ki, kvalifikasiya sahiblərinin böyük əksəriyyəti tədris keyfiyyətinin yüksək olmasına deyil, yalnız attestatla asan qəbul meyarına üstünlük verərək universitetlərin beynəlxalq reytinqlərində ilk 1000-likdə yer almayan ali təhsil müəssisələrində təhsil almaq qərarına gəlirlər.
"Təəssüflə qeyd edirik ki, aşağı keyfiyyətli universitet məzunlarının əmək bazarına daxil olması rəqabətliliyi zəiflətməklə bərabər, ixtisaslı kadrların sayına da mənfi təsirini göstərir.
TKTA olaraq qardaş ölkənin universitetlərinə qəbul olmaq istəyən vətəndaşlarımıza yuxarıda qeyd edilən imtina səbəbləri ilə tanış olmağı, həmçinin seçim etdikləri ATM-lərin keyfiyyət göstəricilərinə diqqət yetirmələrini tövsiyə edirik", - məlumatda deyilir.