Bu gün saat günorta radələrində Salyan rayon İcra Hakimiyyətinin Salyan şəhəri üzrə nümayəndəsi, millət vəkili Əkrəm Abdullayevin qardaşı Əlipaşa Abdullayev iş otağında bıçaqlanıb. Bu barədə Modern.az-a deputatın dostları məlumat veriblər. Millət vəkili Ə.Abdullayev isə saytımıza deyib ki, o, artıq Salyana yollanıb. Qeyd edək ki, hadisəni törədən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.
ANS-in məlumatına görə, döş qəfəsi və qarın boşluğundan 6 bıçaq yarası alan Əlipaşa Abdullayev Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Əlipaşa Abdullayev hazırda əməliyyat olunur. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Salyan rayon Prokurorluğundan Milli.az-a verilən məlumata görə, Ə.Abdullayevi bıçaqlamaqda şübhəli bilinən rayon sakini İslam Rzayev saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən İslam Rzayev RİYAD təhlükəsizlik xidmətinin Salyan rayon şöbəsinin rəisidir. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Hadisədən sonra İ.Rzayev könüllü olaraq polisə təslim olub. Münaqişənin dəqiq səbəbləri barədə hələlik açıqlama verilmir.