Modern.az-ın xəbərinə görə, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.
Tədbirdə çıxış edən TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, aprelin 1-dən ərizə qəbulu elan edilib. “Ərizələrin qəbulu internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Öz elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər üçün SQK-lar sabahdan başlayaraq hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq”.
Qeyd edək ki, aprelin 4-ü saat 10:00-də öz elektron ərizələrini doldurub təsdiq edən abituriyentlərin sayı 11346 nəfər təşkil edib.
Rafiq Qənbərov