Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonunun seçiciləri ilə görüşlərini davam etdirir. Modern.az xəbər verir ki, millət vəkili bu dəfə Badamdar qəsəbəsinin Tofiq Məmmədov, Bayıl qəsəbəsinin Elşən İsmayılov, Xanlar və 8-ci Bayıl küçəsinin sakinləri ilə görüşüb.
Deputat bu ərazilərdəki vəziyyətlə tanış olub. Millət vəkili ilə söhbət zamanı seçicilər bir sıra məişət kommunal xarakterli məsələlərin həllinə yardım üçün müraciət ediblər. T.Məmmədov küçəsinin sakinləri F.Muradovdan binanın həyətində uşaq meydançasının yaradılmasını təklif edib və bununla bağlı müraciət etməyi xahiş ediblər. Badamdarda və Bayılda aparılan quruculuq işlərinin burada yaşayan sakinlərin həyatında dəyişikliklər yaratdığını deyən F.Muradov bütün aparılan işlərin prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar sisteminin tərkib hissəsi olduğunu vurğulayıb. Deputat seçicilər tərəfindən qaldırılan ayrı-ayrı təkliflərin həlli ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini bildirib.
Modern.az