Modern.az

TQDK ali məktəbələrə ixtisaslar üzrə keçid ballarını açıqladı

TQDK ali məktəbələrə ixtisaslar üzrə keçid ballarını açıqladı

15 May 2014, 13:16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (9 illik) və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları əks olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

Modern.az-ın xəbər verir ki, keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Hər il keçid ballarında oxşar, təkrarlanan meyillər, tendensiyalar özünü göstərsə də, müəyyən dəyişikliklər də müşahidə olunur. Odur ki, keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamaq lazımdır.

Qeyd edək ki, “Abituriyent” jurnalının 5-ci sayı da nəşr edilib. Jurnalda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahan Komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra avqustun 8-dən avqustun 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın 5-ci sayında təqdim edilib) ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunacaq) göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları //eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi