Mərkəz, bu ölkədəki Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşəsi yaratdı
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşəsi yaratdı. Guşə Texnoloji Universitetin mərkəzi kitabxanasında yerləşdirildi. Qeyd edək ki, guşənin kitabxanada daimi qalmasıyla bağlı universitetin rəhbərliyi BDM-ə bununla bağlı məktub verərək qərarı rəsmiləşdirib.
Tədbir Azərbaycan himninin oxunması ilə başlanıb. Tədbirdə azərbaycanlı iş adamları Naqif Fəzizadə, Mübariz Ağayev, Qasım Fəzizadə, çex ictimaiyyətinin nümayəndələri, universitetin müəllim və tələbə heyəti, QHT və KİV nümayəndələri də iştirak edib. Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev guşənin açılmasında dəstəyi və zəhməti olan hər kəsə, başda QHT-lərə Dövlət Dəstəyi Şurası olmaqla, Texnoloji Universitetin rəhbərliyinə minnətdarlığını bildirib. O, çıxışında prezident İlham Əliyevin Çexiya Respublikasına səfərindən, həmçinin ermənilərin Qarabağı işğal etməsi və Xocalıda soyqırım törətməsindən danışıb. Çıxışının sonunda sözdə ermənilərin “soyqırımı” iddialarıyla türklərə qarşı apardıqları mübarizədə çex parlamentinin Azərbaycanı müdafiə etməsi və dəstəkləməsinə görə təşəkkürünü bildirib.
Sonra çıxış üçün söz Texnoloji Universitetin dekanı, prof.ing.MBA. Rostislav Droçitaya verilib. O çıxışında universitetdə Azərbaycan, Qarabağ guşəsinin açılmasına çox şad olduğunu qeyd edib. Bildirib ki, “hər zaman Azərbaycan xalqının yanında olmaq, ona dəstək vermək bizim insani borcumuzdur”.
Prof.ing.MBA. Oldriç Saşinka isə çıxışında 16 ildir Azərbaycan xalqı ilə təmasda olduğunu, Azərbaycanın tanınmış təhsil ocaqları ilə əməkdaşlıq müqavilələrinin mövcudluğunu qeyd edib və Qarabağ həqiqətlərində Azərbaycanın haqlı olduğunu dəfələrlə bildirdiklərini vurğulayıb.
Növbəti çıxış üçün söz Azərbaycanın yaxın dostu, Qarabağla bağlı silsilə görüşlər keçirib məqalələr yazan, dəfələrlə işğal edilmiş ərazilərə səfər edən professor İvan Meznik çıxışında birmənalı şəkildə Qarabağın Azərbaycan torpağı olmasını, ermənilərin işğalçı siyasət yürütdüyünü qeyd edərək, həmişə Azərbaycan xalqının yanında olacaqlarını bildirib.
Sonra çıxış üçün söz alan BDM-in dəvət ilə Azərbaycana səfər etmiş Cənubi Moraviya Brno Şəhər Akademik Nəşriyyatının Baş direktoru doç.ing. Tomaş Çermak “Bu söylənənlərlə tam razıyam, çünki, özüm də Azərbaycanda olduğumda ermənilərin törətdiyi cinayətləri o insanların dilindən eşitmişəm və çox duyğulanmışam” deyə qeyd edib.
Daha sonra çıxış edən Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy yalançı erməni “soyqırımı” iddialarıyla 60-a yaxın dövləti aldadan ermənilərin bu yalanlarına inanmayan çex xalqına, alimlərinə və rəsmilərinə təşəkkürünü bildirib.
Həmçinin tədbirdə çıxış edən BDM-in Avropa təmsilçisi professor Azər Kərimov guşənin Avropanın tanınmış universitetlərindən birində açılmasını tarixi hadisə kimi qiymətləndirərək növbəti universitetlərdə bu kimi guşələrin açılmasına əlllərindən gələni əsirgəməyəcəklərini bildirib.
BDM-in sədr müavini Samir Adıgözəlli isə QHT-lər və çex cəmiyyəti ilə əlaqələrdə BDM-in rolundan danışıb.
Sonda BDM sədri İ. Ağayev tədbir iştirakçılarını və Azərbaycan xalqını 28 may Respublika günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin rəsimlərinin əks olunduğu xalçanı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin adından Texnoloji Universitetin prorektoru ing.MBA. Oldriç Saşinka və dekanı prof.ing.MBA Rostislav Droçitaya təqdim edib.
Modern.az