1949-cu ildə İosif Stalinin 70 illik yubileyi öncəsi SSRİ-də Böyük Vətən Müharibəsində əlil olan minlərlə veteranı güllələdilər. Bir hissəsi isə uzaq şimalın soyuq adalarına, xüsusən Valaama sürgün edildi. Ladoqa gölünün şimalında yerləşən Valaamaya 1950-1984-cü illər ərzində müharibə əlilləri müntəzəm gətirilirdi. Məhz burada 1950-ci ildə Karel-Fin Sovet Sosialist Respublikası Ali Sovetinin qərarı ilə Müharibə və Əmək Əlilləri Evinin yaradılması barədə göstəriş verilir. Ev Valaamdakı köhnə pravoslav məbədlərinin ərazisində yerləşməli idi. Burada sual doğuran məqamlar çoxdur. Məsələn, nə üçün müharibənin bəxtsiz əlilləri üçün belə bir obyekt tikilirdi? Nə üçün materikdə deyil, adada tikilirdi?
Modern.az saytı tarixi vərəqləyir...
O dövrün mənzərəsini canlandırsaq, hər şey aydın olacaq. Müharibənin qalibi kimi Sovet İttifaqı əlsiz, ayaqsız yüz minlərlə vətəndaşı ilə üz-üzə qalmışdı. Müharibədə sağlamlıqlarını itirən bu insanlar küçələrdə, vağzallarda və digər ictimai yerlərdə dilənçilik edirdilər. Sinələrində orden və medallar daşıyan əlillər SSRİ rəhbərliyinin əhvalını korlayırdı.
Maraqlıdır ki, SSRİ daxili işlər naziri Kruqlov 1954-cü il fevralın 20-də Malenkov və Xruşşova hesabatında “bütün tədbirlərə rəğmən iri şəhərlərdə və sənaye mərkəzlərində “dilənçilik” kimi dözülməz halların” kütləvi yayıldığını bildirir. Sovet arxivlərindəki sənədlərə əsasən 50-ci illərin əvvəllərində dilənçiliyin sovet hökuməti üçün əsl başağrısına çevrildiyini demək olar. SSRİ-də dilənçiliyin miqyasını göstərən statistik məlumatlara əsasən 1951-ci ildə 107 766, 1952-ci ildə 156 817 və 1953-cü ildə 182 342 nəfərin dilənçilik etdiyi üçün saxlanılıb.
“Həbs edilənlərin 70 faizi müharibə və əmək əlilləri, 20 faizi müvəqqəti çətinliyə düşən vətəndaşlar və 10 faizi peşəkar dilənçidir”, - SSRİ Daxili İşlər Nazirliyinin hesabatlarında göstərilirdi.
Sovet hakimiyyəti Stalin başqa olmaqla qısa müddətdə buna son qoymağı qərara alır.
Bir gecə içində dövlət təhlükəsizlik orqanı əməkdaşları və milis işçiləri küçədə gözlərinə sataşan müharibə əlillərini toplayaraq dəmiryolu stansiyasına gətirirdilər. Onlar qatarlara doldurularaq Valaam və digər şimal adlarında yerləşən “internat evlər”ə aparılırdılar. Həmin dövrü xatırlayan insanların danışdıqlarına görə, yeni evlərə ilk olaraq 500 nəfərdən ibarət əlil qrupu yerləşdirilmişdi. Onlar müxtəlif - əlsiz, ayaqsız, gözdən əlil və eşitmə qabiliyyətini itirmiş əlillər idi. Sonradan ən çətinlərini həm əl, həm də ayaqlarını itirmiş əlilləri gətirməyə başladılar. İnsanların sənədləri və əsgər kitabçaları dərhal əllərindən alınırdı. Faktiki olaraq onlar dustaq statusunda idilər. Elektrik və qızdırıcı sistemin olmaması ilk vaxtlarda müharibə əlillərinin kütləvi ölümü ilə müşayiət olunurdu. Yalnız 1952-ci ildə Valaam adasına elektrik xətti çəkilir. Bəzən kameralarda saxlanılan əlillər istilik sisteminin olmadığı evlərdə soyuqdan donaraq ölürdülər. Samovar, yaxud çemodan adlandırılan və həm əli, həmdə ayağı olmayan müharibə veteranları kütləvi intihar edirdilər. Dünyanı faşizm bəlasından xilas edən qəhrəman müharibə iştirakçıları öz ölkələrində dustağa çevrilmişdilər. Qeyri-insani davranışlar və baxımsızlıq nəticəsində Böyük Vətən Müharibəsi veteranlarının əksəriyyəti Valaam və digər şimal adalarındakı saxlanma yerlərindən bir daha geri dönə bilmədilər. Sovet rəhbərliyi “artıq yük” hesab etdiyi əlil vətəndaşlarından bir neçə il ərzində tam azad oldu.
Yalnız Rusiya müstəqillik qazandıqdan sonra əlillərin adsız məzarlığında xaçlar qoyulub və nömrələnmə aparılıb. Bu yerdə Böyük Vətən Müharibəsinin dəhşətli statistikasını açıqlamaq olar.
28 milyon 540 min sovet vətəndaşı həlak olub, 46 milyon 250 min insan yaralanıb. Müharibə nəticəsində 775 min nəfər kəllə-beyin travması alıb, hərbi əməliyyatlarda 155 min nəfər bir gözünü itirib, 54 min nəfər görmə qabiliyyətini itirib, 501 342 nəfər üz nahiyəsindən xəsarətlər alıb. Bundan əlavə, 28 648 nəfər cinsi orqanını, 3 milyon 147 nəfər bir əlini, 1 milyon 10 min nəfər hər iki əlini, 3 milyon 255 min nəfər bir ayağını,1 milyon 121 min nəfər hər iki ayağını itirib.
Əl, yaxud ayaqlarının bir hissəsini 418 905 nəfər itirib, həm əl, həm də ayaqlarını itirənlərin sayı isə 85 942 nəfərdir.
Vüqar İsmayılov