Modern.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Nadir şah Əfşara həsr olunmuş Cahangir Hüseynovun “Azərbaycan Nadir Əfşar dövləti” elmı publisistik kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə giriş sözü Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov açıb. O bildirib ki, kitabın Azərbaycan tarixinin vacib mərhələsinin öyrənilməsi baxımından önəmlidir. “Kitabda Nadir şahın tərcümeyi-halı, tarixi və dövlət quruculuğunun öz əksini tapdığını qeyd edib. Kitabın üstün cəhəti odur ki, Nadir şaha aid yazılmış nə varsa, hamısı burada təhlil olunub. Nadir şah xalqın içindən çıxmış, qorxmaz bir sərkərdə, dövlət qurucusudur. Nadir şah sonuncu fatehdir ki, Şah İsmayıl Xətaidən sonra Azərbaycan dövlətini vahid şəkildə birləşdirməyə nail olub. Təsadüfi deyil ki, Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı. Eyni zamanda, müəllif apardığı tədqiqatların nəticəsində mükəmməl bir əsər ortaya qoyub”. Daha sonra tədbirdə söz Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının müəllifi Cahangir Hüseynova verilib. O, Nadir şah dövlətinin tarixi barədə məlumat verərək qeyd edib ki, kitabın ərsəyə gətirilməsində məqsəd ilk növbədə Azərbaycan tarixini, vətənpərvərliyini ortaya qoymaqdır. “Kitabı yazmaq üçün müxtəlif ölkələrin muzeylərində, kitabxanalarında olan Nadir şah haqqında məlumatları araşdırdırdım. Mən 4 il Milli Elmlər Akademiyasında işləməklə tarixi ədəbiyyatla yaxından tanış oldum. Nadir şah barəsində internetdə və müxtəlif ölkələrində nə qədər əlyazmalar varsa, hamısını toplamaq qərarına gəldim, uzun müddət araşdırma apardım. Təxminən türklərin 4 min illik tarixini araşdırdım və qürur hissi keçirtdim ki, bizim zəngin tariximiz var. Gördüm ki, eradan əvvəl dövlətçilik ənənələrimiz var. Biz 22 imperiya, 149 dövlətin təməlini qoymuş türk xalqıyıq”. Daha sonra Nadir şah Əfşarın İranın Məşhəd şəhərində yerləşən Tarixi Mədəniyyət movzaley kompleksinin videoçarxı nümayiş etdirilib.Sonda tədbir Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabına rəyçilərin çıxışı ilə başa çatıb.