Modern.az

“Bu filmə sadəcə popkorn yeməklə baxmayacaqsanız”

“Bu filmə sadəcə popkorn yeməklə baxmayacaqsanız”

5 İyun 2014, 18:01


Qan görəndə ürəyi gedən bir insan birdən-birə cəbhə xəttinə düşsə necə olar? İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis olan Bill Keyc günlərin bir günü döyüşlərdə ön cəbhədə düşmən gülləsinə tuş gəlib həlak olur. Elə müəmmalı hadisələr də bundan sonra başlayır – Bill hər dəfə ölən kimi dirilir və ölümündən qabaqkı günə düşür. Hər gün eyni hadisələri yaşayan Keyc nəhayət düşmənə üstün gəlməyin yolunu tapır.

Metropark kinoteatrında jurnalistlər üçün nümayiş olunan “Gələcəyin həddi” filminin süjet xətti məhz belədir. Son illərin ən yaxşı fantastik döyüş filmlərindən biri kimi qiymətləndirilən “Gələcəyin həddi”nin nümayişində jurnalistlərlə yanaşı ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Film “Marmot günü” (“День сурка”) filmini, lakin onun döyüş variantını xatırladır. Rejissor Daq Laymanın yaratdığı bu layihədə baş rolu Tom Kruz və Emili Blant ifa edirlər. Filmin əsas qəhrəmanı ölməzdən öncə yadplanetlilərdən birini öldürə bildiyindən zaman burulğanına düşür.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev əmindir ki, “Gələcəyin həddi” tamaşaçılarda unudulmaz təəssürat yaradacaq: “Bu sadəcə olaraq popkorn yeyərək baxılacaq blokbaster olmayıb, möhtəşəm xüsusi effektlərdən, ulduz aktyorlardan və çoxlu sayda ssenari gedişlərindən ibarət intellektual filmdir”.

Kino tənqidçilərinin fikrincə, “Gələcəyin həddi” ağıllı, orijinal, baxımlı və son dərəcə gözəl olub son illərin ən yaxşı fantastik döyüş filmlərindən biridir.

Artıq gənc yaşda olmasa da, Tom Kruzun bu filmdə ifası onun populyar olmasını zəmanət verən amillərdən biridir. Filmin 3D formatında olması da onu maraqlı edən cəhətlərdəndir.

F.Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu