Bakıda yerləşən yeganə qadın koloniyasının Şəki şəhərinə köçürüləcəyi ilə bağlı məlumatlar yayılıb. “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, hazırda qadın və uşaqlar üçün yeni həbsxana binası tikilir. Artıq tamamlama işlərinin aparıldığı yeni cəzaçəkmə müəssisəsi bu ilin sonunda istifadəyə veriləcək.
Fond rəhbəri onu da bildirib ki, qadın koloniyasının Şəkiyə köçürülməsi məsələsi gündəmdə deyil.
“Qadınlar üçün Kürdəxanı yaxınlığında yeni koloniya tikilir. Yeni cəzaçəkmə müəssisəsi müasir standartlara uyğun olacaq. Yəni orada qadınların və uşaqların normal yaşaması, qidalanması üçün hər bir şərait yaradılacaq. Şəkidə inşa olunan qarışıq tipli çəzaçəkmə müəssisəsi isə 12 rayon üçün nəzərdə tutulub”.
Bir neçə gün bundan öncə Şəkidəki həbsxanada çox mühüm fəaliyyəti yerinə yetirdiklərini deyən Ə. Nuriyevin sözlərinə görə, ədliyyə nazirinin əmri ilə şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi prosesi baş tutub.
“Orada cəzasının müxtəlif hissəsini çəkmiş və vaxtından əvvəl şərti azadetmə, yaxud cəza növünün yaxşılaşdırılması ilə bağlı cəza çəkən şəxslərin iştirakı ilə müzakirələr apardıq. Bu, ədliyyə naziri tərəfindən yeni yanaşma idi. Müzakirələr nəticəsində 27 nəfərə müsbət rəy verildi və onların sənədləri məhkəməyə göndərilib”.
Fond sədri qeyd edib ki, 31 nəfərin şərti azadlığa buraxılması ilə bağlı müraciətlərə baxılıb.
“Heç bir MDB və Şərqi Avropa ölkəsində belə bir təcrübə yoxdur. Penitensiar Xidmətin, Ədliyyə Nazirliyinin müvafiq strukturlarının nümayəndələrindən, həm də Ombudsman və qeyri-hökumət təşkilatlarının insan hüquqlarının müdafiəçilərindən ibarət komissiya yaradılır və həmin komissiya şərti azadlığa buraxılma hüququ yaranan şəxslərin işlərinə baxır, onların davranışları və özlərini aparmaları ilə bağlı müzakirələr aparılır, daha sonra müsbət rəy hazırlanaraq məhkəməyə göndərilir”.
Qanunvericiliyə də müvafiq dəyişikliklər ediləcəyini deyən Ə.Nuriyevin sözlərinə görə, bir il ərzində tətbiq olunan sistemlə 1200-ə yaxın məhkum şərti olaraq azadlığa buraxılıb.
Gültəkin ƏLƏSGƏR