“Əsas qanunsuzluq Nərimanov Rayon Məhkəməsinin bu işi icraata götürməsi və məhkəmə baxışının aparılmasıdır”. Bunu Modern.az-a açıqlamasında “gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlu deyib.
“Çünki “gunxeber.com” saytı Nərimanov ərazisində fəaliyyət göstərmir. Mən Nərimanov ərazisində qeydiyyatda deyiləm, orada yaşamıram. Yazının və şikayətçinin paytaxtın Nərimanov rayonuna heç bir aidiyyatı yoxdur. Yəni “baş qəhrəman” İmişlidən olan bir adamdır”.
Qeyd edək ki, “gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlu xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (böhtan atma) məhkəməyə verilib. İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov baş redaktoru 30 may 2014-cü il tarixində “gunxeber.com”da gedən “Vilyam Hacıyevin attestasiya rüşvəti” başlıqlı yazıya görə qərəzdə ittiham edir.
Zabil Müqabiloğlunun dediyinə görə, sözügedən yazı İmişli müəllimlərinin şikayəti əsasında hazırlanıb.
“Yazıdan bir neçə gün sonra 18-ci polis bölməsindən zəng etdilər. Dedim ki, yazıya görə jurnalistin polisə çağırılması qeyri-qanunidir. Xəbərdarlıq etdim ki, bu bir daha təkrar olunsa Daxili İşlər Nazirliyinə müraciət olunacaq. Vilyam Hacıyev bizi cəzalandırmaq istəyir. Biz bu gün bununla bağlı bəyanat yayacağıq. Mən artıq məhkəmə sədrinə elədiyi qanunsuzluqla bağlı məktub yazmışam”.
Misranə Həsənzadə