Modern.az

Nazirin qohumu Bəxtiyar Hacıyevi Avropaya "sürgün" etdirib

Nazirin qohumu Bəxtiyar Hacıyevi Avropaya "sürgün" etdirib

Təhsil

6 İyun 2014, 13:27

Gənc fəal Bəxtiyar Hacıyevlə polisə şikayət edən Türkiyə vətəndaşı Nurettin Eresin həyat yoldaşı aktrisa Mətanət Əhmədova arasındakı qalmaqal hələdə öz həllini tapmayıb. Türkiyə vətəndaşının şikayəti əsasında gənc fəala qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi də başlanılıb, araşdırmalar aparılsa da heç bir nəticə əldə olunmayıb.  Son zamanlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan ciddi ürək ağrıları, əsəb gərginliyi keçirən Bəxtiyar Hacıyev hazırda Almaniyada müalicə alır.  

Gənc fəalın Modern.az-a verdiyi məlumata görə, məhkəmə çəkişməsi ilə bağlı Nurettin Eresin həyat yoldaşına yalan ifadə yazdırılıb.

“Daxili İşlər Nazirinin qohumu olduğu bildirilən İltimas Yusiflinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və daxili işlər naziri Ramil Usubova müraciət etmişəm”.

“Mənə qarşı Türkiyə vətəndaşı Nurettin Eres tərəfindən dələduzluq edilmişdi. Mən bunla bağlı aylardır müxtəlif orqanlara müraciət etdim. Lakin onun Türkiyə vətəndaşı olmasını əsas gətirərək heç bir addım atılmadı.

Sonradan dələduzluq edən şəxs və onun həyat yoldaşı, aktrisa Mətanət Əhmədova aldıqları və mənimsədikləri pulları qaytarmamaq üçün müxtəlif yollara əl atdılar. Onlardan biri və ən dəhşətlisi isə 13 saylı polis bölməsinin rəisi, daxili işlər nazirinin qohumu olduğu bildirilən İltimas Yusiflinin dələduzları himayə etməsidir”, – deyə B.Hacıyev bildirib.

Məhz İltimas Yusifli tərəfindən izahat almaq adı altında şərləndiyini deyən B.Hacıyevin sözlərinə görə, son zamanlar hüquq-mühafizə orqanı əməkdaşlarının bəzilərinin qanunazidd əməlləri onda ciddi ürək ağrıları, əsəb, gərginlik yaratdığından səhhəti ilə bağlı bir müddət Bakıdan uzaqlaşıb.

“Məni izahat almaq adı ilə çağırdı, təhqir edərək, hədələyərək bildirdi ki, o məni narkoman, nurçu, yaxud müxalif şəxs kimi həbs etdirəcək. Buna inanmadım, ona görə rahatlıqla “eybi yox, buradan çıxanda bu təhqirlərə görə Prezidentə müraciət edəcəm”, – dedim. O isə cavabında çox kobud ifadələr işlətdi. Dedi ki, “bu ölkədə ona heç kim bata bilməz" və hədələrinə, təhqirlərinə davam etdi. Sonra isə aktrisanı çağırıb, mənim yanımda “narahat olma, ərizə yaz ki, Bəxtiyar özümü öldürmə həddinə çatdırıb, mən onu tutduracam” dedi. Düşündüm ki, cənab nazir Ramil Usubov öz qohumu olduğuna görə onun bu hərəkətlərini cəzasız qoymayacaq. Artıq müraciətimdən bir aydan xeyli vaxt keçib. Məhz bu münasibət, ard-arda baş verən bəzi hadisələr, hüquq-mühafizə orqanlarımızın bəzi addımları məndə son zamanlar çox ciddi ürək ağrıları, əsəb, gərginlik yaratdı. Bakıda son günlər artıq heç bir faydalı işlə məşğul ola bilmirdim. Ona görə də sağlamlığıma daha ciddi fəsadlar olmaması üçün bir müddət Azərbaycandan kənara getməyə qərar verdim. Hazırda Avropadayam. Burada yaşayan Azərbaycan gəncləri, tələbələri, iş adamları ilə görüşürəm”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu