“Milli Şura Azərbaycan müxalifəti spektrini əhatə edən geniş koalisiyanın əsasını qoydu. Milli Şuranın ən böyük töhfəsi, uğuru prezident seçkiləri zamanı oldu”.
Bunu Modern.az saytına Milli Şura üzvü İbrahim İbrahimli sözügedən qurumun təsis olunmasının bir illik fəaliyyətini şərh edərkən deyib. Onun sözlərinə görə seçkilər zamanı Milli Şura fəaliyyətinin məhdudlaşdırılmasına, resurslarının az olmasına baxmayaraq seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.
İ. İbrahimli düşünür ki, Milli Şuranın namizədi Cəmil Həsənli seçkilər qazanmışdı. “Lakin hakimiyyət seçkiləri saxtalaşdırdı. Amma ATƏT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar seçkilərin nəticələrinin saxtalaşdırdığını bildirdi. ATƏT-in bu rəyindən sonra andiçmə mərasimi də uzadıldı. Milli Şura prezident seçkiləri zamanı qarşısına qoyduğu vəzifəsinin öhdəsindən gəldi. O, demokratiyaya keçidin modeli kimi özünü təsdiq etdi. Cəmil Həsənli də proseslərin, keçid dövrünün lideri kimi özünü təsdiq etdi”.
İ. İbrahimli seçkilərdən sonra Milli Şuradan istefaların olmasını quruma ciddi zərbə vurmadığını da qeyd edib. O bildirib ki, istefalardan sonra müəyyən böhran olsa da, Milli Şura ondan məharətlə çıxa bildi. “Milli Şura özünü həm daxildə həm də xaricdə tanıda bildi. Son dövrlər Azərbaycan səfər edən Avropa dövlətlərinin, beynəlxalq təşkilatların rəsmi nümayəndələri Milli Şuranın və digər müxalifət üzvləri ilə görüşür. Beynəlxalq səviyyəli görüşlərdə əsasən, Milli Şuranın Koordinasiya Şurasının üzvləri iştirak edir. Bu, beynəlxalq təşkilatların və Qərbin Milli Şuraya verdiyi qiymət və önəmdən irəli gəlir. Milli Şura ardıcıl və prinsipial olaraq hakimiyyətə qarşı mübarizə aparır. Bu mübarizədə axıra qədər davam etmək istəməyən qüvvələr Milli Şuranı tərk etdi. Amma bununla bərabər Milli Şuraya gələnlər də oldu. Milli Şura bir müddət böhran yaşasa da, sonradan bu böhrandan çıxa bildi. Milli Şura ölkədə baş verə biləcək proseslərin önündə gedə biləcək bir qüvvə kimi fəaliyyət göstərir”.
Qeyd edək ki, Milli Şuran keçən ilin 7 iyununda yaradılıb. Yarandığı gündən qurum daxilində fikir ayrılıqları hökm sürüb. Prezident seçkilərindən sonra isə bu fikir ayrılıqları Milli Şuradan kütləvi şəkildə istefalarla nəticələndi.
Aqşin Kərimov