Modern.az

Milli Məclisdən Oqtay Əsədovun səfərilə bağlı xəbərə ETİRAZ

Milli Məclisdən Oqtay Əsədovun səfərilə bağlı xəbərə ETİRAZ

Təhsil

6 İyun 2014, 14:30


Azərbaycan Milli Məclisnin mətbuat xidməti spiker Oqtay Əsədovun Rusiya səfəri ilə bağlı İTAR-TASS agentliyinin yaydığı xəbərə etiraz edib.
Milli Məclisin mətbuat xidmətindən Modern.az saytında verilən məlumatda bildirilib:

“Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində  Milli Məclis Sədrinin ölkənin Federal Məclisinin  Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilmişdir. Parlament  Sədrinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin  yaydığı məlumatda yanlışlığa yol verilərək bildirilmişdir ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəkdir.
Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da Milli Məclisin Sədri tərəfindən belə bir fikir səsləndirilməmişdir. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə etmiş, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulamışdır. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır.
Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu