“Hazırda Azərbaycanda istənilən sahədə, istənilən istiqamətdə vətənadaşın öz sahibkarlıq təşəbbüsünü reallaşdırmaq imkanı var. Qanun buna şərait yaradır. Odur ki, həmin sektorda qazanclar alıcılıq qabiliyyəti ilə rəqabətdən asılıdır”. Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu tibb sahəsinin gəlirli biznes sahələrindən olmasını şərh edərkən bildirib.
Ekspertin fikrincə, indiki halda dövlət tənzimlənməsində problemlər var. “İstər sosial, istərsə də kommersiya üçün yaradılan biznesin məqsədləri fərqlidir. Tibbi klinikalar daha çox sosial şəkilli biznesə aid edilir və sosial məqsədlərə xidmət edir. Bu baxımdan hesab edirəm ki, mənfəətin əldə edilməsi üçün müəyyən çərçivə tətbiq olunmalıdır ki, vətəndaşlar öz sağlamlıqlarını bərpa üçün böyük xərcləmələrə getməsinlər”.
Q. İbadoğlunun sözlərinə görə, xidmətlərin bahalılığı vətəndaşların həmin sektora əlçatanlığına problemlər yaradır, sektor isə əksinə qazanclarını çoxaldır. “Bu istiqamətdə iki yanaşma var: ya hər şeyi sərbəstləşdirirsən, biznes azad rəqabət şəraitində inkişaf edir. “Ya da sosial mənfəətli biznes üçün müəyyən mənfəətin əldə edilməsi, onun bölüşdürülməsi sahəsində başqa formula tətbiq edirsən. Azərbaycanda birinci istiqamət tətbiq edilir. Bu sahədə problemlər var amma, biznesin qanundan kənarda olan bir şey deyil”.
Tibb elmləri doktoru Yaqub Məmmədov isə hesab edir ki, tibb heç də gəlirli sahə deyil. “Özəl klinika açmaq üçün bahalı avadanlıqlar lazımdır. Buna görə, bu sahəni az mənfəətlə çox gəlir edilən sahə hesab edilə bilməz. Böyük vəsait tələb olunan bir sahədə hər adam gedib klinika aça bilmir. Qoyulan xərclər nəzərə alınaraq ona müvafiq də işçilərə maaş verilir”.
Professor hesab edir ki, tibbə dövlət yardım etməsə, tibbin əhaliyə xidmət göstərmək imkanları məhduddur. “Hər hansı özəl klinika açmaq üçün bina tikilməsi və ya icarəyə götürülməsi çox vəsait tələb edir. Aparatların, laboratoriya avadanlıqlarının alınması və s. üçün böyük vəsait lazımdır. Həmin klinikaların açılmasına milyonlarla xərclər çəkilir. Yalnız böyük imkanları olan insanlar o klinikaları açır”.
Yaqub Məmmədov klinikalarda xidmət qiymətlərinin baha olması ilə razılaşır: “Düzdür xidmətlər bahadır. Buna görə də vətəndaşlar dövlət tibb müəssisələrinə, ya da xaricdə nisbətən ucuz başa gələn müalicə metodlarına müraciət edirlər. Xaricdə elə klinikalar var ki, Azərbaycandakından dəfələrlə ucuz xidmətlər təklif edir. Bunlar hamısı mövcuddur, amma demək ki, “tibb gəlirli sahədir” fikri ilə razılaşmıram. Ola bilər ki, ayrı-ayrı şəxslər üçün gəliridir, amma bütövlükdə tibb gəlirli biznes sahəsi deyil”.
Gülşən RAUFQIZI