Azərbaycanda daha bir şəhərin – Şirvanın baş planı hazırlanıb. Modern.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, bu işə Azərbaycan şirkəti "İNTEGRİS" MMC tərəfindən, oxşar layihələrdə uğurlu təcrübəyə malik olan Litva Respublikasının "Vilnüs planas" müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətini cəlb edilib.
Layihə çərçivəsində Şirvan şəhərinin baş planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət şəhərsalma kadastrı coğrafi informasiya sisteminin, yeni tikililərin reyestrinin və şəhərin 3D modelinin yaradılması və tətbiqi həyata keçiriləcək.
Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu prosedurlarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.
"Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması" layihəsinin növbəti mərhələsi olaraq "İNTEGRİS" MMC tərəfindən beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin baş planı da hazırlanıb. İyunun 6-da hazırlanmış Baş planın ilkin layihəsinin Şirvan Şəhər İcra Hakimiyyətində təqdimatı keçirilib. Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Şirkət nümayəndələri təqdimat iştirakçılarına Baş plan layihəsi barədə, tətbiq olunan yeniləklər haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Məlumat verilib ki, Baş plan layihəsi iki mərhələni - I mərhələ olaraq 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perspektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcək.
Təqdimat başa çatdıqdan sonra Layihə tapşırığına uyğun olaraq Baş plan layihəsi 60 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunub.
Modern.az