İyunun 6-da Heydər Əliyev Sarayında “SA organization”ın təşkilatçılığı ilə Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupu maraqlı konsert proqramı təqdim edib.
Rəqs qrupu “The Best of Anadolu Ateşi” adlı konsert proqramı ilə bu günədək göstərdiyi performansın ən möhtəşəmini bakılı tamaşaçıların qarşısında nümayiş etdirib.
Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət olunub.
“Anadolu Atəşi” 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış edib, Anadolu mədəniyyətini dünyaya tanıdıb.
Ölkəmizdə dəfələrlə çıxış edən qrup bu dəfə Heydər Əliyev Sarayında 3 gün konsert verəcək.
“Anadolu Atəşi” 1999-cu ildə yaranıb. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülhün təbliğidir. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb, 93 ölkədə 3850 şou göstərib.