“Özünü “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyi adlandıran ictiami qurum heç bir qeydiyyatdan keçməyib. Vaxtaşırı əsassız, düzgün olmayan məlumatlarla məhkumların adından çıxış ediblər. Ona görə də bildiririk ki, bu, anonim cəfəngiyatdan ibarət bir müraciətdir. Belə hallara dəfələrlə cavab verilib”.
Bunu Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyi Pentensiar xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının yaydığı bəyanata münasibət bildirikən deyib.
Adı çəkilən alyansa iyunun 6-da 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus adından prezident İlham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət göndərib.
Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova, onun müavini Qaçay Aslanova və başqalarına ciddi ittihamlar irəli sürülür. Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya, özbaşınalıq, işgəncə, narkotik maddə satışı baş alıb gedir. İmkanlı məhbuslara əlavə şərait yaradılıb, imkansızlarsa alçaldılır:
Amma Pentensiar xidmətin rəsmisi Yaşar İsakov bildirib ki, dünən yayılan müraciətdən sonra siyahıda adları olan məhkumların xidmət rəhbərliyinə müraciəti daxil olub. “Müraciət Orucov Arzu, Baxşıyev Tofiq , Cabbarov Mübariz tərəfindən olub. Onlar qəti şəkildə bildirirlər ki, belə bir müraciət etməyiblər. Hətta orada adı qeyd olunan Əliyev Tərlan adlı məhkum ümumiyyətlə, 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmir. Məhkumlar xidmət rəhbərliyinə müraciət ediblər ki, “bizim və məhkum yoldaşlarımızın adından internet saytlarda dərc olunmuş yazılı müraciətin kim tərəfindən yazıldığını aydınlaşdırmaqdan ötrü köməklik göstərəsiniz””.
Yaşar İsakov həmçinin vərəmli xəstələr məsələsinə də aydınlıq gətirib: “Orada göstərilir ki, müəssisədə 700 vərəmli məhkum var. Vərəmə qarşı mübarizədə Azərbaycan təcrübəsi bu gün dünyada bir modeldir. Bunu biz demirik. Beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi mövqeyidir. Bütün bunlar tam absurddur. Bu rəqəmdən görünür ki, müraciətdə yazılanlar başdan-ayağa cəfəngiyatdır”.
Gülşən RAUFQIZI