Millət vəkili Qənirə Paşayeva Parisdə Ümumdünya Qadın Sammitində keçirilən konfrans çərçivəsində Böyük Britaniyanın Məşğulluq naziri Ester Mcvey ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə əsasən Azərbaycan ilə Böyük Britaniya arasında bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verildiyi vurğulanıb.
“Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlıq var və bu əməkdaşlıq hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənir. Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır, çünki iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələri mövcuddur”.Millət vəkili Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə də məlumat verib:”Ermənilər dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında soyqırımlar törədiblər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları törədilib və bu gün işğal edilmiş Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqlar da amansızcasına məhv edilib”.
Q.Paşayeva eyni zamanda bu həqiqətləri özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib.
Xanım nazir də öz növbəsində Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.”Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr inkişaf edir və biz bu əlaqələrin inkişafında maraqlıyıq”.
Modern.az