Modern.az

Poroşenkonun andiçməsində 60 ölkə nümayəndəsi iştirak edib - FOTOLAR

Poroşenkonun andiçməsində 60 ölkə nümayəndəsi iştirak edib - FOTOLAR

7 İyun 2014, 12:55

Bir qədər öncə Ukrayna Ali Radasında and içən yeni prezident Pyotr Poroşenkonun inauqurasiya mərasimində 60-a yaxın xarici nümayəndə heyəti iştirak edib. Qeyd edək ki, Azərbaycanı bu mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, deputat Çingiz Əsədullayev və digər rəsmilər təmsil edirlər.

Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, mərasimə Polşa prezidenti Bronislav Komorovski, Belarus prezidenti Aleksandr Lukaşenko, Litvanın dövlət başçısı Dalya Qribauskayte, İsveçrənin federal prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkxalter, Sloveniya prezidenti Borut Paxor, Estoniya prezidenti Toomas İlves, Kanadanın baş naziri Stiven Harper, Avropa İttifaqının prezidenti German van Rompey, ATƏT-in baş katibi Lamberto Dzanner, BMT baş katibinin müavini Ceffi Feltman qatılıblar.

ABŞ-ı mərasimdə vitse-prezident Co Bayden, senator Con Makkeyn və dövlət katibinin köməkçisi Viktoriya Nuland təmsil edirlər.

Ukrayna Ali Radasında yeni seçilən prezident Pyotr Poroşenkonun andiçmə mərasimi başa çatıb. Prezident çıxışını “Ukraynaya eşq olsun!” şüarı ilə bitirib və bu zaman göz yaşlarını da saxlaya bilməyib. Yeni prezident çıxışında deyib: “Diktatura Ukraynanı perspektivdən məhrum etməyə can atdı. Xalq ayağa qalxdı, ölkə başqa cür oldu. Dəyişiklik zamanı çatıb. Bizə sülh və həmrəylik lazımdır.  Həqiqət naminə həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edək! Mən prezident vəzifəsinə gəlirəm ki, ölkənin vahidliyini saxlayım və möhkəmləndirim, uzunmüddətli sülhə nail olum. Mən müharibə istəmirəm”.

Poroşenko fəaliyyətinə sülh planı ilə başlayacağını bildirib və Donbasa rus dilində müraciət edib: “Əziz qardaş və bacılarım, biz sizi təhlükədə qoymayacağıq. Seçkilər Kiyev hakimiyyətinin legitim olmadığı haqda mifə son qoydu. Yanukoviçin hakimiyyəti Donbası satıb. O 17 il hökmranlıq etdi, indi terrorçuları maliyyələşdirir. O, anaların, qaçqınların göz yaşlarına görə məsuliyyət daşıyır. Mən sizin yanınıza sülhlə gələcəyəm, ukraynalıları haqlı və haqsız kimi bölməyə yox. Banditlərlə danışıq aparmayacağıq. Biz Donbasda növbədənkənar seçkilər elan etməyə hazırıq”. 

Krım məsələsinə gəldikdə yeni prezident bəyan edib: “Krım məsələsinə görə heç kimlə kompromisə gedə bilmərik. Krım həmişəki kimi Ukraynanın olacaq. Mən bu haqda dünən Normandiyada Rusiya rəhbərliyinə də demişəm”.  






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu