Modern.az saytı “Qarabağ fotolarda” rubrikasında xəyalən də olsa, yolunuzu uzaq keçmişə salır. Düz 1961-ci ilə. Məkan yenə də Şuşadır.
Adlı-sanlı elm, ədəbiyyat və mədəniyyət adamları 1961-cı ilin yayında Şuşada istirahət evində dincəlirlər. Tanınmış ədəbi xadimlər Əlfi Qasımov və İslam Səfərli, Akademiyanın prezidenti Həsən Abdullayev və bənzərsiz musiqilərin yaradıcısı Fikrət Əmirov. Jurnalist İlqar Əlfioğlu o zaman şəkildən də göründüyü kimi 5-6 yaşlarında balaca bir uşaqdır.
Zaman keçəcək bu balaca uşaq şəkildəki məşhurların bəlkə də hamısının cəmindən çox qarmaqarışıq hadisələrin şahidi olacaq. Hətta onun da şahidi olacaq ki, asanlıqla gəzib istirahət etdiyi bu gözəl şəhərə bir gün uzaq xəyal kimi baxılacaq. Sonradan Əlfi Qasımov öz xatirələrində bu günləri İslam Səfərliyə həsr olunan kitabda bu cür xatırlayacaq:
“1961-ci ilin yayı idi. Şair dostum İslam Səfərli ilə Şuşada istirahət evində dincəlirdik. Bəstəkar Fikrət Əmirov, Akademiya prezidenti Həsən Abdullayev, həkim İbrahim Balakişiyev də öz ailələri ilə birlikdə Şuşada idilər. Günlərimiz bir-birindən mənalı keçirdi. Söhbətlərimiz tuturdu.
Bir gün bəstəkar Süleyman Ələsgərov bizi qonaq çağırdı. Onun eyvanında istirahət etməyin özgə ləzzəti var idi.
Dağılışandan sonra istirahət evinin həyətində qardaşım Fazili gördüm. Öz dostları ilə Ağdamdan gəlmişdilər ki, bizi qonaq aparsınlar. Düzü, nəinki yeyib-içməyə, heç adi söhbətə belə halımız yox idi. Dincəlmək istəyirdik. Amma qardaşımgilin xətrinə dəymək də yaxşı düşməzdi. Mənim tərəddüd elədiyimi görən qardaşım İslamın qulağına nəsə pıçıldadı. İslam təntənə ilə:
- Gedirik! – dedi.
Qonşularımız xudahafizləşib ayrıldılar. Arvadlarımız da ev-uşaq qayğısını bəhanə elədilər. İslamın həyat yoldaşı Anaxanım bacı astadan:
- İslam – dedi – uzağa getməyin nə mənası, bəlkə elə bu armud ağacının kölgəsində süfrə açaq...
İslam ürəkdən güldü və dedi:
- Anaxanım, istirahətçilər cəhənnəm, turistləri umsaq edərik.
Sonra Fazilə döndü:
- Fazil, hara gedirik?
- İslam müəllim, İsa bulağı necədir?
İslam etiraz etdi:
- İsa bulağında çox olmuşuq. Gözəlliyinə söz ola bilməz. Amma hər gözəlin bir eybi olan kimi İsa bulağının da eybi var. Xəfədir, ağacdan başqa heç nə görünmür. Başqa yerə, görmədiyimiz yerə!
- Elə isə Çarığbulağa gedək! Suyuna, mənzərəsinə söz ola bilməz. Amma...
- Nə amma? – deyə İslam soruşdu.
Fazil onun sorğusunu cavabsız qoydu. Dili dinc durmazlardan biri kimsə bu “amma”nı qadınlara xəbər verdi. Sən demə, bulağın yolu bərbadmış. Ora ancaq üstü açıq maşınla getmək mümkünmüş.
Yolun bərbadlığı yoldaşlarımızın ciddi narazılığına səbəb oldu. Amma getməmək də olmazdı. İslam artıq maşnın üstündə idi. Mən də maşına qalxdım.
Dağların döşünə kəmər kimi dolanan daşlı-dolay yolla Turşsuya tərəf irəlilədik.
Mən daxili narahatçılığımı İslama bildirdim:
- Heç yaxşı olmadı, – dedim – Qadınları nigaran qoyduq.
İslam narazılıqla əlini yellədi:
- Eh, heç nə olmaz. Mənə qalan bu olacaq! Gəzmək, görmək, götürmək!
Mən İslamın sözlərini ürəyimdə dolandırdım. Birdən qəlbimdə bir hiss baş qaldırdı.
- İslam, - dedim - əsl şeir mövzusudur: “Mənə qalan bu qalacaq”.
İslamın qaşları çatıldı. Gözündə qəribə bir ifadə parladı.
- Ay uşaq, bir kağız verin, şeir yazacağam.
Yan-yanadır yüz alaçıq,
Gah yamaca, gah yala çıx.
Ürək geniş, süfrə açıq,
Kefim duru, damağım çağ,
Mənə qalan bu olacaq.
Bir bələdçim ol, ay yollar,
Daşlı yollar, qolay yollar.
Dolay yollar, dolay yollar,
Xoş xəbərli “Sağsağan dağ”,
Mənə qalan bu olacaq.
Otlar üstə izim qaldı,
Gah dirsəyim izim qaldı.
Min çiçəkdə gözüm qaldı,
Turşsu üstü, “Çarıq bulaq”,
Mənə qalan bu olacaq.
Göy buludlu, hava sərin,
Çırpı yığın, moruq dərin.
Çubuq şişdə kabab verin,
Yağar yağış, sönər ocaq,
Mənə qalan bu olacaq.
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm,
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.
Bu ellərin bil ki, hər dəm,
Sevinciyəm, kədəriyəm.
Dəmə gəldi-gedəriyəm,
Mən İslama, ay Qarabağ,
Vallah, qalan bu olacaq..”.
Şeirin yenə də ilk dinləyicisi dostu Əlfi Qasımov oldu. Bu şeir isə Azərbaycanın dilbər güşələrindən olan Şuşada yaranmışdı.
Elmin Nuri