Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanla sərhəddə erməni silahlı bölmələrinin intensiv olaraq atəşkəsi pozması və bununla da bölgəyə hücum etməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə hücum barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”,-deyə məlumatda qeyd olunur.
Modern.az