“Bu addımı Gürcüstan hakimiyyəti üçün rəzillik hesab edirəm”.
Modern.az xəbər verir ki, bu fikirləri Aktual.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Gürcüstan sərhəddində saxlanılmasına münasibət bildirərkən deyib. O, bildirib ki, Türkiyədən qayıdarkən, Batumidə sərhəddə onu geri qaytarıblar: “Biz Türkiyədən qayıdanda Gürcüstan sərhədində heyət üzvlərini buraxdılar, məni saxladılar. Bildirdilər ki, Sizin Gürcüstana daxil olmağınız yasaqdır. Hesab edirəm ki, bu, Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlığa zərbədir. Mən təkid etdim, izah etsinlər ki, səbəb nədir? Heç bir söz demədilər”.
QAT sədri Türkiyə və Gürcüstan səfərinin məqsədinin Qarabağ mövzusunda müzakirələr aparmaq olduğunu vurğulayıb: “Bu ölkələrin ictimai xadimləri, millət vəkilləri, alimləri ilə söhbətlər apardıq. Gürcüstandakı müzakirələrimizdə Qafqaz regionunun hamımızın evi olduğunu və burada ermənilərin bütün işlərə əngəl yaratdığını, həm gürcülərə, həm də azərbaycanlılara zərbə vurduqlarını qeyd etdim. Orada da ermənilər çoxdur. Ola bilsin ki, onların xoşuna gəlməyib. Bu addımı Gürcüstan hakimiyyəti üçün rəzillik hesab edirəm. Onlar ermənilərin əlində oyuncağa çevriliblər”.
Modern.az