Millət vəkili Qənirə Paşayeva Parisdə Ümumdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi ilə görüşüb. Modern.az xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu ifadə edib.
Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib:”Bir milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüblər və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərinin artırmalı olduğunu diqqətə çatdırıb. Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var” deyə Q.Paşayeva vurğulayıb.
Millət vəkili Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.
Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi millət vəkilindən məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparıb.Eyni zamanda dövlət naziri Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Modern.az