Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclasında iştirak edəcək türkdilli ölkələrin parlament sədrlərindən biri artıq Bakıdadır.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, Qırğızıstan parlamentinin sədri Asilbek Zheenbekov Bakıya gəlib.
“Bir azdan onun Milli Məclisin sədri Oqtay Əsədovla görüşü baş tutacaq. Qazaxıstan və Türkiyənin parlament sədrləri isə bu gün ərzində Bakıya gələcəklər”.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyənin parlament sədrlərinin və nümayəndə heyətinin iştirakı ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçiriləcək. İclas iki gün davam edəcək. İyunun 12-13-də davam edən toplantıda ilk olaraq Assambleya Şurasının beşinci iclası, daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçiriləcək.
Gültəkin ƏLƏSGƏR