Modern.az

Uşaqlar öz bacarıqlarını göstərdilər - FOTO

Uşaqlar öz bacarıqlarını göstərdilər - FOTO

11 İyun 2014, 16:33

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)  və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  Beyləqan rayonunda “Uşaqları qoruyaq- Onlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yerli və məcburi köçkün ailələrinin uşaqları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və mədəni tədbirlər vasitəsilə onların yaradıcılıqlarının üzə çıxarılması olub. “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin, Beyləqan rayon İcra Hakimiyyətinin, Beyləqan Mədəniyyət və Turizm İdarəsinin, Beyləqan Uşaq Musiqi Məktəbinin, Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri ilə yanaşı, yerli və məcburi köçkün ailələrinin uşaqları da iştirak ediblər.   Beyləqan Uşaq Yaradıcılıq Mərkəzinin,  Beyləqan Uşaq Musiqi Məktəbinin  şagird və müəllim kollektivi tərəfindən nümayiş etdirilən müxtəlif ədəbi - bədii kompozisiya, rəngarəng musiqi nömrələri və rəqslər  məcburi köçkünlərin yerli icmalarla inteqrasiyasını bir daha göstərməklə yanaşı, bayram əhval-ruhiyyəsi yaradıb. Qeyd edək ki, BAMF bir müddət əvvəl Bərdə Rayonu 866 ailə yaşayan məcburi köçkün qəsəbəsində “Yoxsulluğun azaldılmasi, Əlillərə və Kimsəsizlərə Yardım” İctimai Birliyi, Ağdam rayonu Dördyol qəsəbəsində “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi, Ağcabədi rayonu “Ümid” məcburi köçkün qəsəbəsində isə “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ Regional Ofisi ilə birgə sözügedən layihə çərçivəsində mədəni tədbirlər təşkil edib. Xatırladaq ki, ötən ilin noyabrından icrasına başlanılan layihənin əsas məqsədi miqrant ərləri olan və ya gender əsaslı zorakılıq qurbanına çevrilmiş qadınlara xüsusi diqqət yetirməklə onların peşə bacarıqlarının artırılmasıdır. Eyni zamanda, regionlarda bu kimi insanların hüquqi problemlərinin həll edilməsi və əhalinin həssas qrupları ilə işləyən vətəndaş cəmiyyəti təşkilatlarında çalışanların bilik və bacarıqlarının inkişifa etdirilməsinə yardım etmək də layihənin əsas məqsədlərindən biridir.

Bütün tədbirlərin sonunda BAMF uşaqlar üçün qiymətli hədiyyələr paylayıb.


 

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu